Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir. Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində mərkəzdəki 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunub. Fevralın 17-dən etibarən artıq rayon üzrə 10 min nəfərdən çox insanın müayinələrdən keçməsi təmin olunub.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.