Mayın 29-da Dövlət Sərhəd Xidmətinin əməkdaşları xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısını alıblar. DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı 3 əcnəbinin sənədlərinin etibarlığı şübhə doğurub, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib. Belə ki, “Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Navaz Shoaib tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib. “Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.
“İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.
Saxlanılan əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.