Bilsəydim, həftəsonu APA-ya gəlib səni görərdim. Hayıf səndən. Yerin behişt olsun, Tanrı balana kömək olsun. Bizi bağışla, Samir, məni bağışla, sabah da gələ bilməyəcəm, biri gün də, biz hələ bu dünyadayıq, səni çərlədən dünyada, gəlməyə vaxtım olmayacaq, çərləməklə məşğulam((
Sənə bir vida borcum var, Samir, bu gün yerinə yetirə bilmədim, yəqin heç üçündə də gələ bilməyəcəm. İşdən icazə almağa üzüm gəlməyəcək. Biz insanlar beləyik, sən artıq Haqq dünyasındasan, mələkləşmisən, sənə nə var, qurtardı canın, biz hələ də əslində səfasını çəkməli olduğumuz nəsnələrin əzabını çəkirik. Bəzən əzizlərimizi işə satırıq, onları itirəndə də işdən necə icazə alacağımızı düşünürük. Ölümün gözlə qaş arasında olduğunu görürük, kimlərisə, lap yaxınlığımızdan aparır, sıralarımız seyrəlir, biz yenə bu dünyanın maddi varlıqlarından qopa bilmirik. İşi düşünürük, sabahkı günə planlar qururuq.
Bu gün səninlə vidalaşmağa gəlməli idim, mənəvi borcumdur, insanlıq borcumdur, amma gələ bilmədim. Gəlib orda yaşayacaqlarım yaşanmayıb incidir məni, göz yaşlarım içimə axıb, qəlbim ağı deyib sənə.
APA TV təzə yarananda işçilərin bəziləri tərcüməçilərin otağında oturmalı oldu, onların otağı geniş, yerləri bol idi. Hardasa altı ay Samirlə yanaşı masalarda əyləşdik. Bir gün o tum alıb gətirirdi, bir gün mən, qoyardı ortaya, “meşqul ol” deyərdi. Elə bil dadanmışdıq bu, onun təbirincə desəm, “meşquliyyətə”. İşimizi yüngülləşdirirdi, söhbətlərimizi şirinləşdirirdi tum qonaqlığı. Samir çox nəzakətli, etikalı oğlan idi, indi az tapılan keyfiyyətlərdir. Savadlı, azad düşüncəli. Hər hansı məsələdə öz fikri, sərbəst mühakiməsi vardı. Kimsənin qəlbinə dəyməzdi, mehribandı, amma distansiyanı saxlayardı. Az müddətdə çox ünsiyyətdə olduq onunla, nə isə daxili bir yaxınlıq vardı, hardasa üst-üstə düşən fikirlərimiz dostlaşdırmışdı bizi. Məni düz üstümə vuran kondisionerin soyuğundan qorumaq üçün yerimizi dəyişməyimi dəfələrlə təklif etdi, qıymadım ona, cavan oğlandı, soyuqlayar düşündüm.
Həmişə saat 4-də yeyərdi günorta yeməyini, axşama qədər işdə olacağı üçün və bir də tünlüyü sevməzdi, mətbəxin sakit vaxtını gözləyərdi. Sakitcə yeməyini yeyir, süfrəni yığışdırar, qabını da yuyub yerinə qoyardı, kimsəyə minnətçi düşmədən. Onu kompüter arxasından yalnız yemək vaxtı duran görərdin, qalan vaxtları işi ilə məşğul olardı. Radioda da çalışırdı, amma bizim işdə onu az adam bilirdi. Bəzən tərcümə etdiyi materiallarda müxbirlərin səhvini tutardı, yavaşca xısıldayırdı mənə, ya mən, ya da özü gedib redaktora deyib düzəlişini edərdi.
Toyuna çox adam çağırmamışdı işdən, gedən də az oldu, amma mən getdim, məzuniyyətdə idim, rayona getməyi toydan sonraya saldım, xətrini çox istəyirdim Samirin.
Şadlıq evinin qarşısında maşında əyləşmişdilər bəylə gəlin, zarafatla maşının şüşəsini döydüm, keçib gedəcəkdim, tez maşından düşüb görüşdü mənimlə.
İndi profilinə baxıram, yanğından sonrakı o dəhşətli şəkillər hələ də onun divarında, profilindədir, bəlkə elə o dərdlə yüklədin ürəyini, bilirəm, tez sarsılan, həyəcanlanan idin, amma onu hər zaman büruzə verməzdin. Ürəyim boşalmır, bu yazı ilə də boşalmadı, səni doya-doya ağlamaq istəyirəm, Samir. Körpəni, xanımını, ipotekanı kimə həvalə etdin, orda necə rahat olacaqsan?
Bilsəydim, həftəsonu APA-ya gəlib səni görərdim. Hayıf səndən. Yerin behişt olsun, Tanrı balana kömək olsun. Bizi bağışla, Samir, məni bağışla, sabah da gələ bilməyəcəm, biri gün də, biz hələ bu dünyadayıq, səni çərlədən dünyada, gəlməyə vaxtım olmayacaq, çərləməklə “meşqulam”(((