Əlibəy Hüseynzadənin 150 illik yubileyi münasibəti ilə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Salyan İcra Hakimiyyətinin Salyanda təşkil etdiyi "Əlibəy Hüseynzadə -150 - Müstəqil Vətən məfkurəsi" adlı konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə iştirak etmək üçün Türkiyə alimləri, ziyalıları, İstanbul Türk Ocaqları rəsmiləri və jurnalistlər Cezmi Bayram, Bekir Çelik, Fuat Mazıcı, Faik İçmeli, Dilek Akgümüş, Nuri Civelek, Doğan Uçar, Prof. Dr. Sebahattin Şimşir, Prof.Dr. Şuayip Karakaş, Prof. Dr. Kazım Yetiş , Prof. Dr. Cezmi Eraslan, Prof. Dr. Yavuz Akpınar, Prof. Dr. Kamil Veli Nerimanov, Doç. Dr. İbrahim Subaşı, Şükrü Gökkayadan ibarət nümayəndə heyəti ölkəmizə səfər edib.
Onlar Q. Paşayevanın və Salyan rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimov, millət vəkili Əliağa Hüseynovun müşayiəti ilə Salyanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Salyanda Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda, Salyanda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanın bir sıra bölgələrini erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib.
Daha sonra qonaqlar Salyanda anadan olmuş görkəmli fikir adamı, ictimai-siyasi xadim Əlibəy Hüseynzadənin və Azərbaycanın görkəmli xalq şairi Xəlil Rza Ulutürkün abidələrini ziyarət ediblər və onlara hər iki böyük şəxsiyyət barədə geniş məlumatlar verilib.