Şah İsmayılın sevdiyi dolma-kabab, Qacarın sevimli təamları
Azərbaycanın mədəniyyəti qədər mətbəxi də zəngindir desək, yəqin ki, yanılmış olmarıq. Adətən turistlərin getdikləri ölkələrdə əsas diqqət yetirdikləri məsələlərdən biri də elə milli mətbəxdir. İlk Avropa Oyunları ərəfəsində ölkəmizə böyük turist axını gözlənildiyindən, gələn turistlər tarixi abidələrimiz, gəzməli-görməli yerlərimizlə yanaşı, ölkəmizin mətbəx nümunələrini də diqqətdə saxlayacaqlar. Maraqlıdır, kulinarlarımız Azərbaycan mətbəxinin tanıdılması üçün yaranmış fürsətdən necə yararlanacaq?
Birinci Avropa Oyunları ərəfəsində mətbəx nümunələrimizin turistlərə təqdim olunması işi ilə ciddi məşğul olmağı planlaşdıran Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun sözlərinə görə, bəzilərinə bu yarışın ölkəmizdə keçirilməsi adi gəlir: "Amma heç də belə deyil. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail olmaq ölkəmiz üçün böyük qələbədir. Növbəti illərdə bu Oyunlar hansı ölkələrdə keçirilsə, hər dəfə Azərbaycan xatırlanacaq, Oyunların tarixinin Bakıdan başlandığı deyiləcək. Hələ ola bilsin ki, gələcəkdə məşəl də Bakıdan getsin. Çünki artıq Avropa Oyunlarının vətəni Bakı hesab olunur. Bu, uzun illər davam edəcək bir təbliğat vasitəsidir".
Bəllidir ki, yarışlar zamanı ölkəyə gələn turistlərin rahatlığının təmin olunması üçün hər bir şərait yaradılıb. Tahir Əmiraslanovun dediyinə görə, bu yarışların əhəmiyyətini nəzərə alaraq turistləri qəbul etmək üçün “Xanədan” adlı yeni bir məkan artıq paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ixtiyarına verilib, İstəyən hər kəs təşrif buyura bilər.
"Əslində bu məkanın digərlərindən fərqi ondan ibarətdir ki, burda Azərbaycan milli mətbəxi deyil, tarixi mətbəximiz qonaqlara təqdim olunacaq. Burda, məhz bu məkanda Azərbaycanın doqquz xanlığının hücrəsi var. Bu hücrələrdə qonaqlarımız Azərbaycan xanlarının yediyi təamlardan dadacaqlar".
Bəllidir ki, Azərbaycanın zəngin və qədim tarixə malik mətbəx nümunələri var. Amma onların hazırlanıb gələn qonaqlara düzgün şəkildə təqdim edilməsi də çox vacibdir.
"Biz burada yeməkləri nümayiş etdirib satmırıq. Biz burda tarixin dadına baxırıq. Bura tarixin dadına baxmaq istəyənlər gəlsin. Artıq İrəvan mətbəxindən olan "Dərələyəz plov"unu hazırlamışıq. Hazırda limon dolmasının üzərində iş gedir. Ən qədim kitablarımızda olan tarixi xörəklərimizi axtarırıq. Bunlar üzərində treninqlər davam edir. Biz burda xörəkləri hazırlamaq üçün kadrlar hazırladıq. Çünki axtarıb tapmaq hələ işin yarısıdır. Bu, Azərbaycanda ilk etno-restorandır. Kimsə bu brendi öz adına çıxa bilməz. Burda təkcə tarixi mətbəximiz yox, milli geyimlərimiz də hazırlanıb ki, ölkəmizə gələn qonaqlar tam məlumatlı olsunlar. Süfrəçilər belə milli geyimdə qulluq edirlər. Bundan başqa, burda qonaqlara "menyü" sözü yox, çeşid siyahısı təqdim olunur ki, bu da dizayn və üsluba uyğun qurulub. Burda təqdim olunan mətbəx sırf Azərbaycançılıq ənənələri üzərində qurulub".
"Şah İsmayıl Xətainin, I Şah Abbasın, Şah Qacarın yeməkləri, unudulmuş qədim xörəklər məhz "Xanədan"da təklif olunur. Qiymətlər də Azərbaycanın restoran bazarındakından çox aşağıdır" deyən ölkənin baş kulinarı əlavə edib ki, gələn qonaqların zövqünü oxşamaq üçün restoranda Azərbaycan milli musiqisi - muğam səsləndirilir.
Bu məkanda diqqət çəkən məqamlardan biri də Qarabağ xanlığının hücrəsi ilə yanaşı, İrəvan və Təbriz xanlarının hücrələrinin olmasıdır. Baş kulinar deyir ki, bura gələn qonaqların da diqqətini məhz bu hücrələrin olması daha çox cəlb edir.
"Əsas olaraq bura Təbriz və İrəvan xanlığını əlavə etmişik. Məqsəd isə budur ki, bura gələn qonaq "axı Təbriz İrana, İrəvansa Ermənistana aiddir" soruşanda, bu sualın cavabı ətraflı izah olunacaq. Gələn qonağa bunu izah etmək üçün burda qulluq edən gənclər artıq hazırdır. Çünki onlar rus və türk dillərindən başqa, ingilis, italyan və alman dilini də bilirlər. Hər xanlığın bayrağı xalça ornamentlində təsvir olunub. Tezliklə hücrələrin qarşısında hər bir xanın özünün şəkli, xanlıqların bayraqları, hətta şəkilləri də burda nümayiş olunacaq. Burda şahların yediyi xörəklər təqdim olunacaq. Biz kommersiya məqsədli restoran yaratmamışıq. Məkan balaca da olsa, çalışmışıq burda Azərbaycanın doqquz xanlığının mili mətbəxini canlandıraq. Əgər məkan kiçik olmasa idi, xanlıqların sayı da çox olardı".
Menyüdə Azərbaycanın tarixi yeməkləri üstünlük təşkil etdiyini deyən müsahibimiz bununla yanaşı, doqquz xanın özünün və xanımlarının geyimlərinin də gələn qonaqların ixtiyarına verildiyini deyir. Belə ki, istəyən qonaqlar həmin paltarları geyinib şəkil çəkdirə bilərlər. Restoranın menyüsünə Azərbaycanın heç bir yerində verilməyən təamlar daxil edilib: "Azərbaycanda ilk dəfə məhz burda samovar şorbaları verilir. Bu samovarlar xüsusi sifarişlə Koreyada hazırlanıb. Bu məkanda su daşı, ağac-nehrə qoyulacaq ki, gələn qonaqlar öz gözləri qarşısında təbii yolla hazırlanan ayranın dadına baxa bilsinlər. Konsepsiyamıza görə, bu məkanda bir dənə də qeyri-təbii məhsul verilməyəcək. Bununla bağlı danışıqlar da aparırıq ki, burda mayonez, çipsi, ketçup kimi məhsullar qətiyyən verilməyəcək. Yeməklər yalnız kərə və quyruq yağında hazırlanır. Çeşid müxtəlifdir. Məsələn, siz əmənkömənci dolmasını nə vaxt yemisiz? Başqa restoranlarda verilən xörəklər burda demək olar ki, yoxdur. Ləvəngi və pendir qutabları kimi verilən xörəklərin hamısı özəldir. Şirvan şorbası hazırlayırıq. Bax, bu samovarda qonaqlara düşbərə təqdim olunacaq ki, bu da çəkisinə görə çox ağır samovardır. Bunun qapağı qaldırılacaq, kiçik çömçə ilə çəkiləcək. Yox, əgər bunu kimsə tək yemək istəyirsə, bunu indi sizə göstərdiyim kimi yeyə biləcək".
Biz də fürsətdən istifadə edib tariximizin dadına baxdıq.
"Haqqında söhbət açdığımız Şah İsmayıl Xətainin ən sevdiyi təamlardan birinin dadına baxmaq qərarına gəldik. "Dolma kabab" - adı kimi maraqlı və dadlı olan bu xörəyin dadı danılmazdır. Tariximizin dadı var bu mətbəxdə. Gəlin, tariximizin dadına baxaq!"
Tahir Əmiraslanov əmindir ki, ölkəmizə gələn turistlər mətbəx mədəniyyətimizi özləri ilə aparmağa çalışacaqlar.
279