Dövlətin müstəqil azad yaşaması üçün bir çox amillər vacibdir. Bu amillərin ən başlıcası dövlətçiliyin ideoloji bazasının yaradılmasından və formalaşdırılmasından ibarətdir. Həmin baza uzun tarixi dövr ərzində xalqın psixologiyasında yetişən milli-mənəvi dəyərlərə əsaslanır. Xalqın öz dövlətçiliyinə malik olmadığı dövrdə bu dəyərlər dərk edilməmiş qalır və milli psixologiyanın alt qatını təşkil edir. Müstəqil dövlətçilik isə milli psixologiya zəminində yetişmiş milli ideologiyanın mənimsənilməsini zəruriləşdirir.
Azərbaycanın milli ideologiyası müstəqil dövlətçilik zəminində ilk dəfə dövrümüzün böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. O, milli ideologiyamızın formalaşmasında azərbaycançılıq ideyalarına yiyələnməyi zəruri amillərdən biri hesab etmişdir.
Azərbaycançılıq ideologiyası xalqın milli-mənəvi və psixoloji varlığını təcəssüm etdirən bir bazadır. Azərbaycançılığın başlıca meyarları dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərlərdən ibarətdir.
Azərbaycançılıq ilkin bir anlayış olmaqla, dövlətçiliyin sabitləşməsinə, möhkəmlənməsinə və çiçəklənməsinə, dilimizin qorunub saxlanılmasına və zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin mənimsənilməsinə və dünya sivilizasiyası ilə inteqrasiyasına, eləcə də insanlarda milli vətənpərvərlik hisslərinin formalaşmasına xidmət edən zəruri şərtlər komleksidir.
Beləliklə, Azərbaycançılıq bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. O, unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsi və inkişafına yönəldilmişdir. Bu ideologiyanın mahiyyəti həm də müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. Bu baxımdan 1991-ci ildən bayram kimi geniş qeyd olunan 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda 2001-ci il, 23 mayda Azərbaycan Respublikasının prezidenti H.Əliyevin Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi barədə tarixi sərəncamı bu sahədə mühüm addım idi. Bu iki mühüm hadisə dünyada soydaşlarımızın birlikləri, icmaları, diasporlarının fəaliyyətini canlandırmışdır. Müdrik siyasətçi H.Əliyev təlimindən güc alan azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birlik və mütəşəkkilliyinin bərqərar olunmasına xidmət etdiyi kimi, bütün dünyada məskun olmuş 50 milyonluq azərbaycanlının da birlik və həmrəyliyinin ideoloji bazasını təşkil edir.
Azərbaycançılıq milli varlığımız, mövcudluğumuz, dilimiz, mədəniyyətimiz, mənəviyyatımız, vətənpərvərlik keyfiyyətlərimizdir. Odur ki, bütün Azərbaycan vətəndaşları Azərbaycanın dövlət mənafeyinə xidmət etməyə, dövlət atributlarına və milli mənafelərinə ehtiram göstərməyə, ərazi bütövlüyünün qorunması yolundakı vətəndaşlıq mükəlləfiyyətlərinin yerinə yetirilməsinə borcludurlar.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı
Azərbaycanın inkişaf ideologiyası
1019