Rusiyadan göndərilən xəritələr, “dəyişkən hava”, Şuşaya yağan yağış - REPORTAJ
02 may 2013 12:38 (UTC +04:00)

Rusiyadan göndərilən xəritələr, “dəyişkən hava”, Şuşaya yağan yağış - REPORTAJ

Sabah hava necə olacaq? Bu sual daim hər kəsi maraqlandırır. Xüsusən də gündəlik işə gedib gələnlər sabahkı havanı qabaqcadan bilmək istəyir. Elə bu maraqla da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentində olduq.  

 

 

Sən demə, departamentdə iş səhər 9:00-da başlayır. Sonra ümumi toplantı keçirilir və dünən üçün verilən hava şəraitinin özünü doğruldub, doğrultmaması haqqında məlumat verilir. Sonradan yeni məlumatlar əsasında sabahkı hava və üç günlük proqnozu verilir.

- Bizə müxtəlif stansiyalardan məlumatlar gəlir. Turk Metcap və EU METSET sistemi vasitəsilə əldə etdiyimiz materiallar əsasında ölkə ərazisi üçün yarım sutkalıq, sutkalıq, üç günlük məlumatlar verə bilirik. Biz məlumatları Rusiyaya, Gürcüstana, Türkiyəyə və başqa ölkələrə, Ümumdünya Metrologiya Təşkilatına(WMO) ötürürük. ÜMT-nın saytında Azərbaycanın üç bölgəsi - Gəncə, Lənkəran və Bakı üzrə  hava haqqında məlumatlarına baxmaq olur. 1993-cü ildən Azərbaycan Ümumdünya Metrologiya Təşkilatının üzvüdü.

 

Bunu Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva deyir.

 

- Bəzən bir gün ərzində 2-3 cür hava proqnozu verilir. Insanlar çaş-baş qalırlar ki, hansı daha düzdür...

- Onlar bəzi xarici kanallardan da məlumat götürürlər, tək bizim məlumatlar əsasında xəbər vermirlər. Ona görə də belə müxtəliflik olur. Ancaq bizim verdiyimiz proqnozlara əsasən xəbər versələr, belə çaşqınlıq olmaz. Bizim ərazinin proqnozunu ancaq biz dəqiq verə bilərik. Başqa yerlər bizim ərazinin oroqrafiyasını bizim qədər bilə bilməzlər. Bəzən gündüzün temperaturunu gecə verirlər, ya da əksinə. Biz dəfələrlə onlara etirazımızı bildirmişik. İstəyirik ki, əhaliyə əsasən bizim verdiyimiz proqnozlara uyğun məlumat verilsin. Biz öz proqnozlarımıza cavabdehik.

 

- Verdiyiniz proqnozlar yüz faiz düz çıxır?

 

- Proqnoz sözünün mənası “təxmin etmək” deməkdi. Bizim verdiyimiz proqnozların özünü doğrultması 96-98 faizdi. Yüz faizlik heç nə yoxdu, amma elə olur ki, bizim verdiyimiz proqnoz yüz faizə yaxın düz çıxır. Bəzən avtomobilin terpraturu 30 dərəcəni göstərir. Termometrin düzgün ölçməsi üçün müəyyən standartlara uyğun yerlər-köşklər var. Həmin o köşk termometri günəş şüalarından qoruduğu üçün onların termometri avtomobilin termometrindən daha düzgün göstərir. Bu da insanları çaşdırır.

 

T. Hacıyeva həmçinin jurnalistlər haqqında da danışdı:

 

- Bizdə hər bir sözün öz mənası var. “Əsasən yağmursuz”la “yağmursuz”un arasında, “dəyişkən buludlu” ilə “tutqun hava şəraiti” arasında, “gözlənilmir”lə “ehtimal” arasında fərq böyükdü. “Əsasən yağmursuz” “yağa da bilər, yağmaya da” mənasını verir. “Gözlənilir” deyiriksə, demək yağış yağacaq, “ehtimal”da isə “yağma ola da bilər, olmaya da”. Bu fərqi əhali tam başa düşmür. Amma xəbəri verən jurnalistlər ciddi yanaşmalı, bizim proqnozları təhrif etməməlidirlər.

 

- Demək olar ki, hər dəfə hava proqnoz veriləndə işğal altında olan ərazilərimizin də temperaturu da deyilir. Bunu necə təyin edirsiniz?

 

- İşğal altında olan ərazilərdəki stansiyalarla bizim əlaqəmiz yoxdu. Onlara yaxın ərazilərdəki stansiyaların məlumatına əsasən təyin edirik. Bir də məlumatlar ümumi zonaya uyğun verilir. Bölgələr üçün 5 intervallıq bölgüyə əsasən bu zonaya uyğun sadəcə tepmreturunu verə bilirik.

 

Masanın üstündə müxtəlif xəritələr var. İlkin baxışda cızma-qara görünən bu xəritələr Rusiya Hidrometrologiya Mərkəzindən göndərilir.

 

- Faktiki və proqnoztik xəritələr iki cür olur: yerüstü və yüksəklik xəritələri. Faktiki xəritələr atmosferin müəyyən qatlarından bizə faktiki məlumatları, proqnoztik xəritələr isə bizə bir neçə gün öncədən hava haqqında məlumat verir.

 

- Bu xəritələrdən başqa ayrı hansı üsulla hava haqqında məlumatlar alınır?

 

- Atmosferin müəyyən hündürlüyünə ötürücü quraşdırılmış şar buraxılır. Şar havaya qalxandan sonra atmosferdə gedən proseslər-tempretur, küləyin sürəti, istiqaməti, şeh, geopotensial haqqında stansiyalara məlumat ötürülür. Sonra stansiyalarda bu məlumatlar əsasında diaqramlar qurulub və bizə göndərilir. Bu proses həftədə iki həfə təkrar edilir. Bir də MRL aparatlar var. Bu aparat vasitəsi ilə 250 kilometr məsafəyə qədər dolu və yağıntı haqqında məlumat əldə edə bilirik. Belə məlumatlar daha çox Ağstafa və Şamaxıdakı metroloji stansiyalardan alırıq. Ölkəmizdə 19-a yaxın MRL aparatları quraşdırılıb və hazırda yeniləri də quraşdırılmaqdadı...

 

***

 

Bax, beləcə... Bizim üçün sadə görünən bu işlər əslində uzun və gərgin əməyin nəticəsidi. Müxtəlif stansiyalardan və ölkələrdən gələn məlumatlar sonda Milli Hidrometrologiya Departamentində toplanıb, konkret məlumat əldə edilir. Və biz bu məlumatlar əsasında yağışda çətir, günəşdə eynək götürməyi unutmuruq.

Sonda... Sonda nədənsə, yadıma mərhum şairimiz Akif Səmədin şerindən bu misralar düşdü: “Eşitdinmi televizorda, Şuşaya da yağır, bala”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2485
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar