1996 -2000-ci illərdə Rumıniyanın prezidenti olmuş Emil Konstantinesku Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub. Lent. az-ın məlumatına görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Nazim İbrahimov Konstantinesku ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində görüşərək onu şairin irsi ilə yaxından tanış edib. Konstantinesku XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəşəriyyətə bəxş etdiyi ən dəyərli sənət əsərlərinə həsr olunmuş orijinal əlyazma kolleksiyasına baxaraq öz heyranlığını bildirib.
Görüşdə Rumınya ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə əlaqələrin ən yüksək səviyyədə olması vurğulanaraq, Prezident Konstantinesku tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə mədəni və elmi sahədə mümkün ola biləcək əməkdaşlıq sahələri müəyyənləşdirilib. 2014-cü ilin aprel ayında Bakıda Diasporla İş üzrə Dovlət Komitəsinin və İsgəndəriyyə kitabxanasının dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil ediləcək “II Shared Societies” Forumuna hazırlıq geniş müzakirə olunub. Prezident Konstantinesku üzv olduğu Dünya Elm və Mədəniyyət Akademiyası ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirərək bu əməkdaşlığın inkişafı üçün dəstəyini əsirgəməyəcəyini bildirib.