Direktor: “Azərbaycanda HİV-in müalicəsi var”
08 dekabr 2014 17:59 (UTC +04:00)

Direktor: “Azərbaycanda HİV-in müalicəsi var”


“30 ildən artıqdır ki dünya miqyasında pandemiya şəklində yayılan bu xəstəliklə mübarizə aparılsa da, hələ də xəstəliyin qarşısını almaq mümkün deyil. Azərbaycanda 1987-ci ildən 2014-cü il dekabrın 1-ə qədər rəsmi qeydiyyata götürülən HİV-ə yoluxmuş insanların sayı 4859 nəfərdir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova deyib.

Qonaq Azərbaycanın HİV-ə yoluxma faizinə görə dünya ölkələri arasında son sıralarda olduğunu qeyd edib: “Hər il noyabr ayında BMT bu xəstəliklə bağlı hesabat təqdim edir. 2013-cü ilin sonuna olan məlumata görə, dünyada 35 milyon insan HİV infeksiyasına yoluxub. Təkcə 2013-cü il ərzində bu xəstəliyə yoluxanların sayı 2 milyon nəfər olub. İndiyə qədər dünyada 1,5 milyon insan bu xəstəlikdən vəfat edib. Sevindirici haldır ki, Azərbaycanda HİV-ə yoluxma faizi aşağıdır. Hal-hazırda HİV-ə yoluxanların diaqnostikası, profilaktik tədbirlər, müalicənin həyata keçirilməsi Azərbaycan dövlətinin və Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir”.

Mütəxəssisin fikrincə, QİÇS-in ən təhlükəli cəhəti xəstəliyin simptomlarının ümumi olması və virusun gec təsir etməsidir: “Bu xəstəliyin profilaktikası çox əsasdır. Xəstəliyin əsas xüsusiyyəti odur ki, törədici virus ləng viruslara aiddir. Bu isə o deməkdir ki, virusa yoluxmuş insan uzun illər yoluxduğu barədə məlumatsız olur. Yəni bu zaman əlavə simptomlar olmur, müşahidə olunan əlamətlər isə yalnız HİV infeksiyasına aid olan əlamətlər deyil, ümumi simptomlardır. Məsələn, belə simptomlar hər hansı bir dəri zədələnməsi, göbələk infeksiyası, adi pnevmoniyalar şəklində görünür. Elə xəstəliyin də ilk dəfə, yəni 1981-ci ildə aşkarlanması da cavan homoseksuallar arasında pnevmosist pnevmoniyanın yayılması ilə bağlı olub. Bu xəstəlik o vaxta qədər də məlum idi, lakin cavan insanlarda müşahidə olunmurdu. Bundan sonra araşdırmalar nəticəsində məlum oldu ki, bu, immun çatışmazlığı nəticəsində əmələ gələn bir xəstəlikdir. Beləliklə, HİV-ə yoluxmuş insanda 6, 8, 10 il keçdikdən sonra ağır xəstəliklər, o cümlədən, onkoloji xəstəliklər yaranır. Hal-hazırda BMT-nin həyata keçirdiyi tədbirlərin əsas məqsədi odur ki, də dövlət tərəfindən hər kəsin testdən keçib HİV statusunu öyrənməsi üçün şərait yaradılsın”.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri KİV-in bu sahədə fəaliyyətinin də vacib olduğunu bildirib: “Məlumatlandırma işi mütəmadi aparılmalıdır. Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu istiqamətdə daim işlər görür. Lakin mən istəyərdim ki, bizim KİV də bu işə qoşulsun və bu iş yalnız ildə iki dəfə QİÇS-lə mübarizə günü və QİÇS-dən vəfat edənlərin anım günündə yox, il ərzində aparılsın. Hazırda sağlam həyat tərzi tədris müəssisələrində bir kurs kimi keçilir və şagirdlərə də bu barədə məlumat verilir”.

Qonaq dünyanın müxtəlif yerlərində QİÇS-ə yoluxma yollarının fərqli olduğunu deyib: “Ən çox bu xəstəlikdən əziyyət çəkən region Cənubi Afrika ölkələridir. Orada yoluxma əksər hallarda cinsi yolla baş verir. MDB ölkələrində və Şərqi Avropada epidemiya bir qədər fərqli yolla yayılır. Bu regionlarda epidemiya venadaxili narkotik istifadəçiləri arasında çox yayılıb. Azərbaycanda da belədir. Ölkəmizdə ilk dəfə HİV-ə yoluxma halı 1987-ci ildə xarici vətəndaşda qeydə alınıb. İlk dəfə 1992-ci ildə Azərbaycan vətəndaşı HİV-ə yoluxub. Bundan sonra və hal-hazırda da HİV-ə yoluxma əsasən inyeksion narkotik istifadəçiləri arasında baş verir. 1987-ci ildən 2014-cü il dekabrın 1-ə qədər rəsmi qeydiyyata götürülən HİV-ə yoluxmuş insanların sayı 4859 nəfərdir. Bunların 96,6 faizi Azərbaycan vətəndaşlarıdır”.

Esmira Alməmmədova HİV virusuna yoluxan insanların aşkar olunub müalicəyə cəlb edilməsinə ən çox cəmiyyətdə formalaşmış stereotiplərin mane olduğunu qeyd edib: “Həqiqətən də, cəmiyyətdə bu xəstəliyə tutulan insanlarla bağlı yaranan stereotiplər böyük problemdir. Bu barədə insanlarda yanlış fikirlər var. Təəssüf ki, HİV-ə yoluxan insanlara qarşı, əhali arasında ayrı-seçkilik müşahidə olunur. Əgər HİV-ə yoluxanlara qarşı tolerant münasibət olsa, damğalanma olmasa, bizim bu xəstəliklə mübarizə imkanlarımız daha çox olar. Bu zaman HİV-ə yoluxmuş insanlar öz statuslarını gizlətməzlər. Onlarda cəmiyyətdən və ailədən təcrid olunma qorxusu var. Lakin qanunumuzda da qeyd olunur ki, cəmiyyətdə bu insanlara qarşı tolerant münasibət olmalıdır. Biz, yəni həm KİV, həm də tibb müəssisələri bu tolerant münasibətə çağırış etməliyik. Hamı bilməlidir ki, bu xəstəlikdən heç bir insan sığortalanmayıb”.

Qonaq qanköçürmə vasitəsilə bu xəstəliyə yoluxma ehtimalının az olduğunu deyib: “Qanköçürmə vasitəsilə də bu xəstəliyə yoluxma baş verir. Lakin Azərbaycanda tibbi proseduraların təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən təmin edilir. Köçürülən qan və onun komponentləri, toxumalar mütləq müayinə olunur. Eyni zamanda, donor qanları viruslu hepatitlər və sifilisə qarşı da yoxlanılır”.

Həkimin sözlərinə görə, şübhəsi olan hər kəs pulsuz və anonim şəkildə aparılan test müayinəsindən keçə bilər: “HİV statusunu bilmək istəyənlər üçün bu müayinələrdə iştirak könüllüdür. Lakin 9 milyonluq əhalinin hamısını bu müayinədən keçirmək həm texniki baxımdan mümkün deyil, həm də bu effektsiz əməliyyatdır. Bu xəstəliyin əsas yoluxma yollarını və risk qruplarını bilmək hamı üçün lazımdır. Venadaxili narkotiklərdən istifadə edənlər, təsadüfi və qorunmamış cinsi əlaqədə olanlar, seks-bizneslə məşğul olan qadınlar və kişilər, onlara müraciət edənlər xəstəliyin risk qrupuna aiddir. HİV-ə yoluxma həm də bu virusa yoluxmuş anadan uşağa ötürülür. Bütün hamilə qadınlar hamiləlik dövründə HİV müayinəsindən keçirlər. Bunun üçün hər bir səhiyyə müəssisəsi müasir test avadanlıqları ilə təchiz olunub. Hər bir insan vaxtında müayinədən keçməyin vacibliyini bilməlidir. Artıq bu xəstəliyin müalicəsi var. Artıq 2006-cı ildən Azərbaycanda da bütün dünyada tətbiq olunan antiretromüalicə üsulundan uğurla istifadə olunur”.

Esmira Alməmmədova xəstəliyin mərhələləri barədə də ətraflı məlumat verib: “HİV – insanda immun çatışmazlığı virusudur və buna yoluxan insan artıq HİV infeksiyalı insan hesab olunur. İnsan bu virusa yoluxan andan etibarən, yoluxma üsulları nəzərə alınmaqla, ətrafdakılar üçün infeksiya mənbəyi hesab olunur. Bu xəstəliyin 4 mərhələsi var. QİÇS – yəni qazanılmış immun çatışmazlığı sindromu mərhələsində olan insan artıq xəstəliyin son – dördüncü mərhələsindədir. Hal-hazırda Azərbaycanda 4859 nəfər HİV infeksiyalı xəstədən 1508 nəfəri QİÇS mərhələsindədir. Digərləri isə hələlik HİV virusuna yoluxmuşlardır. Virusun xüsusiyyətlərini və xəstəliyin inkişafını nəzərə alaraq QİÇS mərhələsində müalicə tətbiq olunmasa, bu dövr 1 ildən maksimum 3 ilə qədər çəkə bilər”.

Mütəxəssisin fikrincə, artıq QİÇS o qədər də təhlükəli xəstəlik deyil və xroniki xəstəliklərdən biri hesab olunur: “Əvvəllər belə şüarlar səslənirdi ki, QİÇS XX əsrin bəlasıdır. Lakin indi Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, bu xəstəlik artıq müalicəyə tabe olan xəstəlik hesab olunur və artıq xroniki xəstəliklər səviyyəsinə keçib. Əhali də artıq bu xəstəliyin ölümcül xəstəlik olmadığını bilməlidir. İnsanlar yaradılmış imkanlar sayəsində HİV testindən keçib öz HİV statuslarını bilərək rahat ömür sürməlidirlər. Normal həyat sürən insanların ildə bir dəfə HİV testindən keçmələri kifayətdir. Riskli davranış praktikasından istifadə edənlər, venadaxili narkotiklərdən istifadə edənlər, nizamlanmayan və qorunmayan cinsi praktikadan istifadə edənlər müayinədən keçməklə, həm özünü, həm də ailəsini sığortalayır”.

Qonaq HİV-ə yoluxmanın “pəncərə dövrü” barədə də danışıb: “Bu dövrdə insan yenicə yoluxur, lakin müayinələrdə hələlik nəticə neqativ çıxır. Müasir testlər bu dövrü daha da qısaltmağa imkan verir. Adətən, 3 ay, nadir hallarda 6 və 9 aya qədər çəkən “pəncərə dövrü”nü müasir testlərin köməyi ilə 20 günə, uzağı bir aya qədər azaltmaq mümkündür”.

Esmira Alməmmədova HİV-ə yoluxmuş insanın sağlam uşaq dünyaya gətirə biləcəyini də deyib: “HİV-ə yoluxmuş hamilə qadının öz bətnindəki uşağa bu xəstəliyi keçirmə ehtimalı 45 faizdir. Hamiləlik vaxtı testlə ananın HİV-ə yoluxması müəyyənləşirsə, antiretrovirus müalicənin tətbiqi ilə uşağın yoluxma ehtimalını 1 faizə qədər azaltmaq olur. Xəstəlik uşaq anadan olduqdan sonra döşlə əmizdirmə zamanı da uşağa keçə bilər. Ona görə də, Azərbaycan dövlətinin qanunvericiliyinə əsasən, HİV-ə yoluxmuş anaların uşaqları 1 yaşa qədər dövlət tərəfindən süni qida ilə təmin olunur”.

Qonaq hələ bu xəstəliyə qarşı vaksinin olmadığını və müalicənin isə yaxşı nəticələr verdiyini də bildirib: “Vaxtaşırı mətbuatda bu xəstəliyə qarşı vaksinlərin yarandığı barədə məlumatlar yer alsa da, təəssüf ki, hələ indiyə qədər belə bir vaksin rəsmi olaraq qeydə alınmayıb. Lakin tətbiq olunan antiretrovirus terapiyanın köməyi ilə HİV-ə yoluxmuş insanın ömrünü uzatmaq və həyat keyfiyyətini artırmaq mümkündür. Düzdür, bu ömürlük davam edən müalicədir, lakin dövlətimiz tərəfindən pulsuz olaraq həyata keçirilən bu müalicənin effektivliyi də müntəzəm şəkildə monitorinq olunur. İmmun sistemin vəziyyətinə, virusun qanda miqdarına nəzarət olunur. Bu halda həmin insan ətrafdakılar üçün də təhlükəli hesab olunmur, həmçinin belə ailələrdə sağlam uşağın dünyaya gəlmək ehtimalı da yüksəkdir”.

Mərkəzin rəhbəri Azərbaycanda HİV-ə yoluxan uşaqlar barədə də məlumat verib: “Hal-hazırda ölkəmizdə bu virusa 82 uşaq yoluxub. Bu uşaqlar HİV-ə yoluxmuş analardan dünyaya gələn uşaqlardır. Onlar vaxtilə ya müayinədən kənar qalan, eyni zamanda, 2006-cı ilə qədər doğulan uşaqlardır. 2006-cı ildən Azərbaycanda da tətbiq olunan antiretrovirus terapiyaya cəmi 8 nəfər, o cümlədən də, bir hamilə qadın cəlb olunmuşdu. Həmin qadın sağlam uşaq dünyaya gətirdi. Qalan 82 uşaq isə 2006-cı ilə qədər doğulan, müayinəyə cəlb olunmayan və ya həmin dövrdə Rusiyada, Ukraynada olan qadınların dünyaya gətirdiyi uşaqlardır”.

Esmira Alməmmədova əhalinin daha da maariflənməsi üçün görülən tədbirlərdən də danışıb: “Noyabrın 21-dən 28-ə qədər Azərbaycanda HİV-ə müayinə həftəliyi keçirildi. Artıq ikinci dəfədir ki, Azərbaycan da Avropa Birliyinin çağırışı ilə belə bir aksiyaya qoşulur. Bu həftəlik 8 ali təhsil ocağında, ticarət mərkəzlərində, bəzi regionlarda keçirildi. Əsas məqsədimiz əhalinin maariflənməsidir. Hər bir insan bilməlidir ki, bu müayinələr pulsuzdur və həm müayinənin, həm də nəticələrin konfidensiallığı maksimum təmin olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hal-hazırda dünyada yoluxan insanların yalnız üçdə bir hissəsi HİV-ə yoluxması barədə məlumatlıdır. Bəzi regionlarda, o cümlədən, Şərqi Avropada HİV-ə yoluxanların 50 faizi bu barədə bilmir. Bu aksiyaları keçirməkdə məqsədimiz əhalinin diqqətini bu problemə cəlb etməkdir. İnsanlar bilməlidir ki, QİÇS-dən qorunmağın ən effektiv yolu testdən keçməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703
avatar

Oxşar yazılar