Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi müəllim və idmançılar arasında 12 nominasiya üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, hazırda nazirlik sistemində 159 Uşaq-Gənclər İdman və Şahmat məktəbi fəaliyyət göstərir və onlardan 83-ü uşaq-gənclər idman məktəbi, 9-u ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 64-ü uşaq-gənclər şahmat məktəbi, 2-si ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi, 1-i uşaq-gənclər fiziki hazırlıq klubudur. Nazirin sözlərinə görə, il ərzində uşaq-gənclər idman və uşaq-gənclər şahmat məktəbləri arasında 39 çempionat, birincilik, zona və seçmə yarışları, 11 respublika turniri, eləcə də beynəlxalq və respublika yarışlarına hazırlıqla əlaqədar 70 təlim-məşq toplanışı keçirilib: “Cari il ərzində respublika birincilik, çempionat və kubok yarışlarında idman növləri üzrə 557 medal, o cümlədən, 219 qızıl, 172 gümüş, 166 bürünc medal qazanılıb. Avropa, Dünya birinciliyi və çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə isə idmançılarımız ümumilikdə 97 medal, o cümlədən, 55 qızıl, 17 gümüş, 25 bürünc medal əldə ediblər. 2012-ci ildə idman növləri üzrə 2108 nəfər yüksək dərəcəli idmançı hazırlanıb. Onlardan 1831 nəfəri I dərəcəli idmançı, 266 nəfəri idman ustalığına namizəd, 6 nəfəri idman ustası, 2 nəfəri FİDE (Beynəlxalq Şahmat Federasiyası) ustası, 3 nəfəri beynəlxalq dərəcəli idman ustasıdır”.
Tədbirin sonunda Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi müəllim və idmançılar arasında keçirilmiş Respublika müsabiqəsi qalibləri Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılıblar.