“Müəyyən qurumlar, xüsusi olaraq dövlətçiliyin uğuruna sevinməyən adamlar belə işlərə cəhd edirlər. Universitetdə müəyyən ajiotaj yaradırlar”. Lent.az-ın məlumatına görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov bildirib. Rektorun sözlərinə görə, dünən həmin şəxslər tərəfindən aksiya təşkil edilib. “Həmin aksiyanın iştirakçıları Bakı Dövlət Universitetinin tələbələri deyildirlər. Növbə dəyişmə vaxtına görə universitetdən 300 tələbə çıxır və içəri daxil olurdu. 50-60 insan isə universitetə kənardan gəlirdi. Orada həmin vaxt müəyyən ajiotaj yarandı, sonra isə başa düşdülər ki, səhv ediblər və çıxıb getdilər. Tələbələrin tələblərinin nə olduğunu soruşanda biri də təhsildə aparılan məsələdən danışmır, özlərinə aid məsələlərdən danışırdılar”.
A. Məhərrəmov onu da vurğulayıb ki, narazı olduğu halda universitet qarşısında çıxış etmək Azərbaycan gəncliyinə yaraşmır. “Onlar Azərbaycan təəssübkeşliyi, vətəndaşlıq mövqeyi olmayan gənclərdir. Mən bütün gəncləri belə qüsurlu fikirlərdən yayınmağa dəvət edirəm”.