Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Qubada vətəndaşları qəbul edib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlər iştirak edib.
Nazir vətəndaşları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.
Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 33 nəfər də qəbulda iştirak edib.
R.Usubov onların arasından daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlarını verib.