Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Prezident yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Quba rayonundakı 2 saylı liseydə “Multikulturalizm və vətənpərvərlik” mövzusunda növbəti dəyirmi masa keçirilib.
Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Quba rayon İcra Hakimiyyətinin təhsil şöbəsinin müdiri Loğman Müslümov, rayon ictimaiyyətinin nümayəndələri, adışəkilən liseyin rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib.
Layihə rəhbəri Rəvan Həsənov öz çıxışı zamanı Azərbaycan multikulturalizminin siyasi-hüquqi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları haqqında məlumat verərək 2016-cı ilin prezidenti İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb: “Siyasi əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın multikulturalizm modeli artıq prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasəti müstəvisinə qaldırılıb və dünyaya ixrac olunmaqdadır”. Azərbaycanın millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” fənninin artıq dünyanın 11 nüfuzlu ali təhsil ocağında tədris olunduğunu vurğulayan layihə rəhbəri həmin fənni dinləyən xarici gənclərlə regionlarımızdakı gənclər arasında dostluq əlaqələrinin yaranması məqsədi ilə ölkəmizin müxtəlif bölgələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən mütəmadi olaraq yay və qış məktəblərinin keçirildiyini qeyd edib.