Bu gün Qubada “Yaşıl teatr” da “Tələbə baharı” Festivalının Qala konserti keçiriləcək. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Apreldə festivalın seçim mərhələləri keçirilib və seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiylar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.
Festivalın keçirilməsində məqsəd tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da festivalın əsas istiqamətlərdən biridir.
2006-cı ildən bu günə kimi Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Tələbə baharı” festivalının iştirakçıları arasında 2009-cu ildə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə “Eurovision” qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.
Festivalda iştirak hər bir universitetin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə və yaxud istedadlı tələbələrin arzusuna əsasən müəyyən edilir. Festivalda ali təhsil müəssisələrinin tələbələri və magistrantları, yaradıcılıq kollektivləri fərdi və ya kollektiv şəkildə iştirak edə bilərlər.