Millət vəkili Qənirə Paşayevanın tərtibçi-müəllifi olduğu “Dünyanı dəyişən alimlər” adlı yeni kitabı işıq üzü görüb.
Lent.az-ın verdiyi məlumata görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) -nin və “NAR Mobile”nin dəstəyi ilə “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən “Dünyanı dəyişən alimlər”-in məsləhətçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, professor Hamlet İsaxanlı və professor Qəzənfər Paşayev, redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseynovdur.
Kitab Azərbaycanda öz formatına, məzmun-mündəricəsinə görə azsaylı nəşrlərdən sayıla bilər. Uşaqlara, yeniyetmə və gənclərə, ümumən elmlə, təhsillə maraqlanan bütün Azərbaycan oxucularına bir töhfə olan bu kitab respublikanın aparıcı kitabxanalarına, böyük elm-təhsil və mədəniyyət müəssisələrinə, habelə Gənclər Evlərinə, böyük məktəblərin kitabxanalarına hədiyyə olunacaq.
Qeyd edək ki, “Dünyanı dəyişən alimlər” kitabının təqdimatı iyunun 1-də saat 10:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Tədbirdə alimlər, millət vəkilləri, uyğun profilli nazirlik nümayəndələri və KİV təmsilçiləri iştirak edəcəklər.