Qənirə Paşayeva orqanlarını bağışladı
07 yanvar 2013 09:36 (UTC +04:00)

Qənirə Paşayeva orqanlarını bağışladı

Millət vəkili Qənirə Paşayeva orqanlarının bağışlanması ilə bağlı vəsiyyət yazıb.

 

APA-nın xəbərinə görə, bu barədə Q. Paşayeva özü məlumat verib.

 

Millət vəkili bu addımı atmaqla bağlı xeyli vaxtdır ki, düşündüyünü, qərarını verdikdən sonra ailə üzvlərinin də razılığını aldığını qeyd edib.

 

Millət vəkili qeyd edib ki, orqanların bağışlanması ilə bağlı qərar bir sıra inkişaf etmiş ölkələrdə normal qəbul olunur: “Bu addımı atmaqla biz həyata yenidən dönə bilmədiyimiz zaman başqa birinin yaşama davam etməsinə kömək edirik. Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməsidir. Məsələn, həyatı dializ aparatına bağlı olaraq yaşayan bir böyrək xəstəsinin, heç bir ölüyə qəbirdə lazım olmayacaq böyrəklərlə həyata dönməsinə kömək edə bilərik.  Çox təəssüf ki, bu sahə hələ Azərbaycanda inkişaf etməyib. Ona görə də bir çox hallarda vətəndaşlarımız orqan köçürülməsi üçün xaricə üz tuturlar. Əlbəttə, bundan maddi cəhətdən zəngin insanlar yararlana bilir”.

 

Millət vəkili orqan bağışlanması ilə bağlı məsələnin hüquqi cəhətdən tənzimləyən mexanizmlərin hələ qəbul olunmadığını da vurğulayıb: “Ümid edirəm ki, bu məsələ tezliklə ölkəmizdə də ciddi müzakirə olunacaq, bununla bağlı bir neçə il əvvəl qəbul olunmuş qanunun həyata keçirilməsi istiqamətində müvafiq icra orqanları hüquqi mexanizmlər hazırlayıb qəbul edəcək, lazım olarsa qanunvericilik səviyyəsində əlavə və düzəlişlər ediləcək, maarifləndirmə işləri surətlənəcək. Mən əlaqədar qurumları bu mövzuya daha böyük diqqət ayırmağa çağırıram. Çünki qanunun qəbulundan 13 il keçməsinə baxmayaraq, hələ də bu istiqamətdə heç bir ciddi irəliləyiş yoxdur”.

 

 

Millət vəkili artıq bununla bağlı vəsiyyətnaməsini yazdığını və təsdiqlədiyini də bildirib: “Bu gün vəsiyyətnamə yazdım və bəzi orqanlarımı bağışladım, həm də tam pulsuz, məndən bir hədiyyə olacaq köçürüləcək insanlara...
Əgər bir gün hər hansı bir qəza keçirsəm, ölüm ayağında olsam və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasam, heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarımı götürüb orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər. Bu mənim dünya ilə vidalaşanda edə biləcəyim son faydalı iş olacaq”

 

Qeyd edək ki,  “İnsan orqan və ya toxumalarının transplantasiyası” haqqında qanun 28 oktyabr 1999-cu ildə qəbul edilib. Bu qanunla orqan və və ya toxumaların transplantasiyasının ümumi müddəaları, transplanyasiya məqsədilə meyitdən və ya donordan orqan və ya toxumaların götürülməsinin qaydaları, bununla bağlı tibb müəssisələrinin və işçilərinin məsuliyyəti müəyyənləşdirilib. Nazirlər Kabinetinin 2000-ci il 13 sentyabr tarixli, 168 nömrəli qərarı ilə transplantasiya obyekti olan orqan və ya toxumaların siyahısı təsdiq edilib. Bu siyahıya görə Azərbaycanda ürək, ağciyər, ürək – ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya edilə bilər.
 

Xatırladaq ki, orqanların bağışlanması əsasən etiraz prinsipi, genişləndirilmiş etiraz prinsipi, könüllülük prinsipi və genişləndirilmiş könüllülük prinsipi əsasında baş tutur. Hazırda ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə, orqan bağışlanmasında genişləndirilmiş könüllülük prinsipi tətbiq olunmalıdır. Yəni donorun özünün könüllü yazılı razılığı əsas şərtdir. Əgər bu yoxdursa, yaxın qohumları vəy a qanuni nümayəndəsi də buna yazılı icazə verə bilər.

 
Onu da əlavə edək ki, orqan bağışlanması və transplantasiyası İslam dininə görə də qəbul olunandır. Qurani-Kərimin Maidə surəsində (Ayət 32) “bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır” deyə vurğulanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9267
avatar

Oxşar yazılar