Millət vəkili Qənirə Paşayeva Tovuzda Azərbaycan dili, ədəbiyyatı, xarici dili müəllimləri və məktəb kitabxanaçıları ilə görüşüb və geniş müzakirələr aparıb. Lent.az-ın məlumatına görə, müəllimləri yeni dərs ili münasibəti ilə təbrik edən Q.Paşayeva uğurları qeyd etməklə bərabər, çatışmazlıqları da geniş təhlil edib. Millət vəkili müəllimlərlə görüşdə uşaqların Azərbaycan dili, ədəbiyyatı öyrənməsinə xüsusi diqqət ayırmağa çağırıb: "Uşaqlarımız hansı peşənin arxasınca getməsindən asılı olmayaraq, ana dilini, ədəbiyyatı bilməlidirlər. Hansı məktəbdə uşaqlar bu fənlərdən pis nəticə göstərirlərsə, onun özü ilə bərabər müəllimləri və bütünlükdə məktəb bundan utanmalı və ciddi addımlar atmalıdır. Tovuzda gənclərimizin xarici dil ilə bağlı göstəriciləri bizi qane etmir, bir sıra kəndlərimizdə isə xüsusi narahat edir. Məktəblərdə xarici dili fənninin tədrisində ciddi keyfiyyət dəyişikliyinə ehtiyac var".
Millət vəkili müəllimlərin suallarını da cavablandırıb və təkliflərini dinləyib və bu təklifləri müvafiq qurumlara çatdıracağını deyib.