Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Verilən xəbərdə bildirilir ki, həmin dəyişikliklər qəbul imtahanlarının məzmununa aid deyil. Belə ki, 2014-cü ildə keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının may ayında keçirilməsi nəzərdə tutulur. Həmin ilin məzunları isə, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin həmin ildə orta ixtisas təhsil müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da qəbul imtahanlarını iyul ayında verəcəklər. Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda - ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.
Digər nəzərdə tutulan yenilik 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır. Yəni bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Orta ixtisas təhsil müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.