Yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan inzibati xətaların sırasına biri də əlavə edilib. Lent.az-ın məlumatına görə, Milli Məclisin 2 may 2014-cü il tarixli iclasında İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 158-2-ci maddədə nəzərdə tutulan inzibati məsuliyyət yalnız mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olan hüquqi şəxslərə tətbiq oluna bilər. Yol hərəkəti qaydalarını pozduğu üçün radarla və ya kamera ilə qeydə alınmış nəqliyyat vasitəsinin sahibi olan hüquqi şəxs DYP-nin müvafiq qurumunun sorğusuna əsasən 5 gün müddətində bu nəqliyyat vasitəsini idarə edən konkret sürücü barəsində məlumat vermədikdə 300 manat miqdarında cərimə ediləcək. Bu yenilik qayda pozuntularının qeydə alınmasının və məsuliyyətə cəlbolunma prosedurunun tamamilə elektronlaşdırılmasının doğurduğu zərurətdir.
Məlumdur ki, hüquqi şəxslər öz sahibliyində olan nəqliyyat vasitələrini əmək müqaviləsi ilə işləyən sürücülərə yol vərəqəsi ilə verirlər. Həmin yol vərəqələri DYP-də qeydiyyata alınmadığından radara düşən və ya kameralar vasitəsilə qeydə alınan nəqliyyat vasitəsinin kim tərəfindən idarə edildiyi bəlli olmur. Bu barədə məlumatı yalnız müvafiq hüquqi şəxsdən əldə etmək mümkündür. Qeyd etdiyimiz yenilik məhz həmin məlumatın vaxtında DYP-yə təqdim olunmasını təmin etməyə yönəlib. Müxtəlif şirkətlərin, firmaların, hətta dövlət orqanlarının rəhbərləri və başqa məsul şəxslər bu yeniliyi nəzərə almalıdırlar. Çünki DYP-nin müvafiq sorğusuna vaxtında məlumat verməmək şirkətiniz (və ya təmsil etdiyiniz digər qurum) üçün 300 manat cəriməyə başa gələ bilər.
Mənbə: avtosfer.az