Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunda Gürcüstan Elm və Təhsil Nazirliyinin, Qardabani rayon İcra Hakimiyyətinin və rayon bələdiyyəsinin dəstəyi və “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan dilli məktəb şagirdləri arasında bilik yarışı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yarışda 10 məktəbin, (Qardabani 3 nömrəli, Vaxtanqisi, Candar, Nəzərli, Kosalı, Kalinino, Ağtəhlə, Qaracalar, Qaratəhlə və Muğanlı kənd orta məktəblərinin) VIII, IX, X və XI siniflərində oxuyan 40-dan çox azərbaycanlı şagird iştirak edib. Yarışda şagirdlər ümumi fənlər üzrə (Gürcü-dili, Azərbaycan dili, ədəbiyyat, İngilis dili, tarix, riyaziyyat, coğrafiya, biologiya, kimiya, fizika) 10 sualı cavablandırıblar. Qeyd edək ki, müsabiqədə iştirakçılara verilən sualları cavablandırmaq üçün 30 dəqiqə vaxt verilib. Suallar arasında Azərbaycan dili və Ədəbiyyat fənninə geniş yer verilib.
Bilik yarışında Kosalı məktəbinin VIII sinif şagirdi şagirdi Musa Musayev, Nəzərli İçtimai məktəbinin IX sinif şagirdi Almaz Məmmədov, Nəzərli İçtimai məktəbinin X sinif şagirdi Məhəbbət Həsənov, Qardabani 3 saylı İctimai məktəbin XI sinif şagirdi Tükəzban İsgəndərova qalib gəliblər.
Qaliblərə “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı” tərəfindən xüsusi diplom və hədiyyələr təqdim edilib. Hədiyyələrin təqdimat mərasimində Qardabani rayon icra başçısının müavini Dünyamalı Hacıyev, bələdiyyə sədrinin müavini Rəfi Orucov, professor Mahmud Hacıxəlilov, məktəb direktorları, müəllimlər, ziyalılar və valideynlər iştirak ediblər.
“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttfaqı”nın sədri Səadət Zeynalova APA-ya açıqlamasında bilik yarışlarının yaxın vaxtlarda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi rayonlarında da keçiriləcəyini bildirib. O, yarışların keçirilməsində əsas məqsədin azərbaycanlı şagirdlərin bilikli və savadlı olmasını yoxlamaq və onları gələcəkdə arzuladıqları ali məktəblərə hazırlaşdırmaq olduğunu qeyd edib.