Qarabağ erməniləri: 1991-in müəmmalı qətlləri -<span style="color:red;"> II YAZI
16 fevral 2017 13:34 (UTC +04:00)

Qarabağ erməniləri: 1991-in müəmmalı qətlləri - II YAZI

 

 

Bu gün Azərbaycanın üz-üzə qaldığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daxili müzakirələrdə belə bir ritorik sual səslənir: Qarabağ erməniləri ilə və ümumiyyətlə, ermənilərlə nəyisə müzakirə etmək lazımdımı?

 

Bu suala Azərbaycanda birmənalı cavab yoxdur. Sözsüz ki, söhbət Ermənistan və Azərbaycan dövlət rəhbərləri arasında aparılan danışıqlardan yox, müxtəlif sosial kəsim nümayəndələrinin ümumi problemlərin müzakirə etməsindən gedir.

 

Müxtəlif fikirlər mövcuddur və bu fikirlərin özünəməxsus dayaq nöqtələri var. Bu fikirləri saf-çürük etmədən bir sıra tarixi faktları diqqətinizə çatdırmaq istərdim.

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərini ötən əsrin əvvəlindən bu günə qədər yazılmış bəlkə də ən obyektiv mənbə hesab etmək olar. Hadisələrin təsviri və hər şeyin öz adı ilə adlandırılması tam qərəzsizdir və heç bir siyasi marağa xidmət etmir. Buna görə də münaqişənin kökünün araşdırılması ilə bağlı ən obyektiv mənbələrdən bir hesab oluna bilər.

 

Müəllif 1905-ci ilə Şuşada baş verən bir hadisəni belə təsvir edir:

 

“Bir gün müsəlman cavanlardan bir neçəsi bazara gəlib qəflətən qışqıraraq dedilər ki, ay müsəlmanlar, nə qafil oturmusuz? Ermənilər tökülüb təzə məhəlləni tar-mar elədilər. Bazar əhli bu dəhşətli xəbəri eşidən kimi qəzəbləndi. Və həmin anda dükanları bağlayıb, bazar camaatının bir parası silah götürüb təzə məhəlləyə tərəf yüyürdülər. Bir parası isə tüfəng və tapançanı doldurub, bazardakı ermənilərin üzərinə hücum çəkdilər. Ermənilər bu vəziyyətdən qorxuya düşüb, kimisi dükanını bağlayıb qaçdı, kimisi isə dükanının içində girib gizləndi. Bəziləri isə qonşuluqda olan müsəlman evlərində gizlənib özlərini xilas etdilər. Bu iğtişaş başlayarkən təzə məhəlləyə getmiş silahlı adamlar qayıdıb gəldilər ki, deyilənlər yalandır. Odur ki, mollalar və seyidlər gəlib ermənilərə təskinlik verdilər ki, bu iğtişaş səhvən olub. Bazar əhlinin tələbi ilə yalanı danışan adamı çəkə-çəkə bazara gətirdilər. Bu yazığı o qədər döydülər ki, az qaldı ölsün. Başına o qədər vurmuşdular ki, beyni xarab olub dəli olmuşdu. Sonra Tiflisə aparsalar da müalicənin əhəmiyyəti olmadı. 1323 (1905)-cü ilin zilhiccə ayında vəfat etdi. Həmin adam Kərbəlayı Abbasın oğlu Məşədi Qurban idi”.

 

Bu əhvalatda iki məqam diqqəti çəkir.

 

Birincisi, ara qarışanda bir sıra ermənilər məhz müsəlmanların evlərində sığınacaq tapır.

İkincisi, vəziyyətin gərginləşməsinə sadəcə bir şayiə səbəb olur. Və vaxtında qarşısı alınmasa, daha ağır nəticələri ola bilərdi.

 

Bu, ötən əsrin əvvəlində baş verənlərdən biri idi.

 

İndi ötən əsrin sonuncu onilliyində baş verənlərdən birini diqqətinizə çatdırım.

 

1991-ci il Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi fazaya keçdi. Bu həmin il idi ki, baş verənlər münaqişənin daha da dərinləşməsini şərtləndirirdi.

 

Elə həmin il hamını şoka salacaq iki qətl hadisəsi baş verdi. Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin sədri, millət vəkili Eldar Bağırov və Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlov qətlə yetirildi. Bu gün də hamı bilir ki, hər iki şəxs Qarabağın müdafiəsi üçün mühüm insanlar idi. Amma çox az adam bilir ki, hər iki şəxs Dağlıq Qarabağdakı münaqişənin hərbi fazaya keçməməsi üçün mühüm fiqurlar idi. Əlbəttə, Həm Eldar Bağırovun, həm də Mikayıl Gözəlovun fəaliyyəti barədə çox danışmaq olar. Amma 1991-ci ildə baş verən bu qətllərin ümumi bir nöqtəsi vardı.

 

Onların hər ikisinin öldürülməmişdən əvvəl Dağlıq Qarabağdakı bəzi erməni kəndlərinin sakinlərinin Azərbaycan hökumətinə ünvanlanmış məktubları olub.

 

Bu məktublarda nə yazıldığını dəqiq söyləmək bir qədər çətindir. Çünki həmin məktubların sonrakı taleyi barədə heç bir mənbədə, heç bir məlumat yoxdur. Amma siyasi mənsubiyyətinə görə müxtəlif olan bu şəxslərin hər ikisinin əlində belə bir məktubun olması və onların qətlə yetirilməsinin səbəbinin sona qədər açılmaması düşünmək üçün əsas verir.

 

Bu məktublarda Azərbaycan hakimiyyətini qəbul etmək çağırışı da ola bilərdi. Və bunu Qarabağın ucqarlarında yaşayan erməni əhalisi yazmışdı.

 

Kimsə Qarabağın ucqarında yaşayan erməni ilə İrəvanda və yaxud da Xankəndində yaşayan erməninin nə fərqi olduğu barədə ritorik sual verə bilər. Elə isə Lent.az-ın “Əsir düşərgəsi”nə nəzər salmanıza ehtiyac yaranacaq. Vüsalə Məmmədovanın bu silsilədən olan müsahibələrində çox incə bir məqam var. Və əslində çox mühüm məqamdır:

 

“ - Əsirin başına nələr gəldiyini görkəmindən bilmək olur. Biz bir-birimizdən yapışıb güclə ayaq üstdə dayanmışıq, üst-başımız cırıq, qan, palçıq... Baxan bilir ki, başımıza gəlməyən müsibət qalmayıb...

 

- Bəs onların üst-başı necə idi?

 

- Elə Xocalıdan, evdən çıxdıqları kimi...

 

- Onları incitməmişdilər? Bəs harda qalmışdılar bütün bu müddəti?

 

- Onları kənddə saxlayıblar. Erməni kəndlərində olan qız-qadının namusuna toxunmamışdılar. Ümumiyyətlə, kənddə saxlanılanlara qarşı heç bir pis hərəkət olmayıb. Hamısını evdə saxlayıblar. Qadın dedi, məni incitməyiblər. Əyin-başlarından da bilinirdi ki, yalan demir. Amma bizim əyin-başımıza baxan dərdimizə ağlayırdı...

 

- Axı kənd ermənisi ilə rayon ermənisinin fərqi nədə idi?

 

- Kəndə gedib-gələn az idi, onların beyninə çox şey doldura bilməmişdilər. Məsələn, bizi Əsgərana gətirəndə sadə xalq az qaldı ətimizi didə. Amma kənddəki ermənilər bizə nifrət eləmirdi. Onların sadəcə hüzurları pozulmuşdu. Fərq onda idi ki, rayon ermənilərini kənar qüvvələr qızışdırırdı, kənddəkilər isə heç kimi görmürdü. Onlara təsir edən yox idi…”

 

Bu da əsirlikdən qayıdan insanın yaratdığı erməni obrazı. Kimsə bundan obyektivini yarada bilirsə, buyursun.

 

Bəli, bax bu ermənilərlə danışmağa və nəyisə müzakirə etməyə dəyər.

 

Necə?

 

Bu barədə növbəti yazıda.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Asəf Quliyev

Oxşar yazılar