Yanvarın 9-da ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yanvarın 10-da daha da kəskinləşəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.