Son günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artımı nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 16-dan başlayaraq Kür çayının Surra məntəqəsində 55 sm, Şirvanda 54 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində 50 sm artım müşahidə olunub, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 450 sm (2012-ci il yanvarın 18-də 546 sm), Şirvanda 327 sm (2012-ci il yanvarın 18-də 445 sm ), Salyanda 270 sm (2012-ci il yanvarın 18-də 412 sm), Bankədə 243 sm (2012-ci il yanvarın 18-də 306 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2012-ci il yanvarın 18-də 285 sm) təşkil edir.