Qafqaz Müsəlmanları İdarəsi 20 yanvarla bağlı bəyanat yayıb
18 yanvar 2013 12:21 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsi 20 yanvarla bağlı bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 23-cü ildönümü münasibətilə bəyanat yayıb. İdarədən APA-ya daxil olan bəyanatda qeyd olunub ki, 20 Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq əsla unudulmayacaq: “Haqqı tələb etdiklərinə görə minlərlə insanın gülləbaran edilməsini yaddaşlardan silmək mümkün deyil! Şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı hələ də qəlblərdədir. Bütün faciəsi ilə yanaşı 20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib”.

 

Bəyanatda QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubda hadisələrə sərt və prinsipial münasibət bildirildiyi xatırlanıb: “Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin. Təəssüf edirik ki, bu günə qədər bu faciə tam hüquqi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini – Mixail Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın”.

 

QMİ-nin bəyanatında daha sonra deyilir: “Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir, çünki şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxırlar. Qurani-Kərimdə buyurulur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzilənirlər...” (Ali-İmran, 169). Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanları adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar”.

 

QMİ bütün din xadimlərinə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə şəhidlərin şəninə xütbələr deyilməli, onların əziz ruhlarına Quran oxunmalı, dualar edilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016
avatar

Oxşar yazılar