"Əvvəlki illərdə olduğu kimi, ötən ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunub". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Əli Həsənov qeyd edib ki, son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə 47 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edib. O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edib.
Əli Həsənov qeyd edib ki, ümumiyyətlə, son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunub. Dövlət Komitəsinin sədrinin sözlərinə görə, ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.
Ə.Həsənov bildirib ki, 2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir.
Dövlət Komitəsinin sədrinin sözlərinə görə, bu göstərici 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur.