Bu gün dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrucestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə Puşkinin heykəli önünə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyulub. Tədbiri giriş sözü ilə «Sodrucestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açıb və bildirib ki, belə bir tədbirin keçirilməsi Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu oynayır.
Səbail RİH Başçısı Asif Əsgərov qeyd edib ki, ədib rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafında böyük rol oynayıb, onun dünya ədəbiyyatına etdiyi töhfələr xüsusidir: “Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub”.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Aleksandr Sergeyeviç Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirib. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycanda A.S.Puşkinə, onun ədəbi irsinə olan münasibətdən danışdı, şairin şerlərindən bir parça ifa edib. Daha sonra Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şerləri Azərbaycan və rus dillərində səslənib, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstərib.