Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” mövzusunda beynəlxalq simpozium keçirilir. Tibb Universitetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, simpoziumda ABŞ, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər.
Simpozumun açılış mərasimində çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov psixi sağlamlıq və inkişaf xəstəliklərinin hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlərdən biri olduğunu bildirib: “Müasir dünyada psixi sağlamlıq və onun qorunması ciddi əhəmiyyət kəsb edir. Bu səpkidə Azərbaycan Tibb Universiteti bir çox dünya universitetləri ilə elmi və praktiki əməkdaşlıq edir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq bu gün Harvard Universiteti Boston Uşaq Xəstəxanasının İnkişaf xəstəlikləri departamenti ilə birgə təşkil etdiyimiz elmi simpoziumun açılış mərasiminə toplaşmışıq”.
Daha sonra ATU-nun Psixiatriya kafedrasının müdiri, Azərbaycanın Baş Psixiatrı, professor Gəray Gəraybəyli, Azərbaycan Psixiatrlar Assosiasiyasının rəhbəri professor Nadir İsmayılov və qeyri-yoluxucu xəstəliklər üzrə Qlobal Əqli Sağlamlıq Proqramının direktoru Kərim Munirin giriş nitqindən sonra simpozium öz işinə başlayıb.
Bu gün keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər tərəfindən müxtəlif mövzularda məruzələr səsləndirilib. Simpoziumda inkişaf xəstəlikləri ilə yanaşı, digər psixi və nevroloji pozuntular, inkişaf xəstəliklərinin genetik aspektləri, müdaxilə və müalicə metodikaları ilə bağlı fikir mübadiləsi aparılacaq.