Prezident İlham Əliyev Balaxanı sənaye parkının təməlqoyma mərasimində
19 dekabr 2012 14:53 (UTC +04:00)

Prezident İlham Əliyev Balaxanı sənaye parkının təməlqoyma mərasimində

 

 

Prezident İlham Əliyev Balaxanı sənaye parkının təməlqoyma mərasimində iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı sənaye parkının layihəsini əks etdirən stendə və parkın maketinə baxıb. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. 


Sənaye parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı nəzərdə tutulur. Parkın nəqliyyat qovşağına yaxınlığı təkrar emal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaq. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq.


Dövlət başçısı sənaye parkının təməlini qoyub.
 

Azərbaycan prezidentinə, həmçinin Balaxanı qəsəbəsinin su təchizatı layihəsi barədə məlumat verilib. Bildirilib ki, bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi ilə bağlı müqaviləyə əsasən sosial layihələrin icrası çərçivəsində Balaxanı qəsəbəsində su şəbəkəsinin yaradılması layihəsi də həyata keçiriləcək. Çəkiləcək su xəttinin uzunluğu 80 kilometrdən çox olacaq. Bu isə Balaxanı qəsəbəsinin su təchizatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir. Yeni su xəttinin çəkilişinin bir il müddətində başa çatdırılması nəzərdə tutulur. 
 

Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib. 

 

# 1401
avatar

Oxşar yazılar