“Hər il dünyada yeni peşələr yaranır, eyni zamanda hansısa peşələrə ehtiyac azalır. Bu baxımdan Azərbaycanda da ixtisas təsnifatının yeniləşdirilməsi istiqamətində addımlar atılacaq”. Lent.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, Avropa Birliyinin araşdırmalarına əsasən, 2020-ci ilədək Avropa əmək bazarında sadə peşələr üzrə hazırlanan kadrlara tələbat 5% azalacaq. N. Məmmədovun sözlərinə görə, bu göstərici 34%-dən 29%-ə düşəcək. Nazirlik rəsmisinin sözlərinə görə, mürəkkəb peşələr üzrə kadr hazırlığına tələbat isə 5-7% artacaq: “Bu faiz baxımından kiçik görünsə də, böyük rəqəmləri əhatə edir. Belə ki, 2020-ci ilə kimi mürəkkəb peşələr üzrə 35-40 milyon iş yeri açılacağı təqdirdə, 30 milyona yaxın sadə peşələr üzrə iş yerləri bağlanacaq”.
N. Məmmədov qeyd edib ki, Azərbaycanda da nazirliyin əsas məqsədi peşə təhsili müəssisəsinə qəbul edilmiş şəxslərin karyera artırmaq imkanlarının genişləndirilməsindən ibarətdir. Onun sözlərinə görə, bu sahə üzrə milli ixtisas çərçivəsi hazırlanacaq və buna əsasən hər bir təhsil pillələri arasında əlaqənin yaradılması təmin ediləcək: “Buna əsasən də məsələn, aşpaz ixtisası alan şəxsin daha yüksək mövqeyə çatması üçün orta ixtisas və ya ali təhsil müəssisələrində müvafiq ixtisaslar olacaq. Bununla da o təhsili daha da artıracaq”.
Peşə məktəblərinin imicinin qaldırılması məsələsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, onlara marağın artması üçün ilk növbədə maddi-texniki baza təkmilləşməli, məzmun yeniləşməlidir: “İlk növbədə biz yalnız sadə peşələr üzrə kadr hazırlanması ilə məşğul olmayacağıq. Biz bundan sonra daha mürəkkəb peşələr, nəqliyyatın daha müasir sahələri, yaşıl texnologiya, alternativ enerji, İKT sahələri üzrə kadrlar hazırlanacaq. Çünki mövcud tendensiya ondan ibarətdir ki, sadə peşələrin sayı azaltmaqdadır. Artıq müəyyən texnoloji prosesləri yerinə yetirən insan robotla əvəzlənir. Yüksək təfəkkürlü, təşəbbüskarlıq qabiliyyəti yüksək olan insanlara ehtiyac yaranır. Fəlsəfə ondan ibarətdir ki, işəgötürənlər üçün işçi hazırlamaqla yanaşı, gələcəyin işə götürənlərini də hazırlamalıyıq. Buna əsasən də peşə təhsili müəssisələrini bitirənlər gələcəkdə özləri iş yeri aça bilsinlər. Belə olduğu təqdirdə peşə təhsili müəssisələrinin imici dəyişəcək”.