Pensiyaları başqa bankların bankomatlarından da çıxarmaq mümkün olacaq
Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyalar ödənilən gün bankomatların qarşısında gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə əlaqədar qurumlarla iş aparır.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF sədri Elman Mehdiyev deyib.
O bildirib ki, birinci istiqamət banklararası interfeys şəbəkəsinin yaradılmasıdır ki, bununla pensiyaçılar başqa bankların bankomatlarından pensiyalarını çıxara biləcək.
“Banklararası interfeys şəbəkəsinin qurulması ilə bir pensiya kartı vasitəsilə müxtəlif banklardan istifadə imkanı yaranacaq. İkinci istiqamət isə pensiyaçılar arasında nağdsız ödəniş sahəsinin genişləndirilməsidir. Bu əsasda onlara verdiyimiz çoxfunksiyalı plastik kartlardan istifadə edərək, vəsaitləri nağd götürmək yox, nağdsız POS-terminallardan istifadə edərək, alış-veriş, kommunal xidmətlərin dəyərinin ödənilməsi və sair məqsədlərin istifadəsinə nail olmaqdır. Bu Dövlət Sosial Müdafiə Fondunun müəyyənləşdirdiyi hədəflərdir”.