“Tələbə kredit kartları özəl ali məktəblərin tələbələrinə də veriləcək”.
Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyin ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ənvər İmanov bildirib. Ə. İmanovun sözlərinə görə, bununla bağlı nazirliyə müraciətlər daxil olur : «Gənclər və İdman Nazirliyinin sifarişi əsasında hazırlanan kartlar artıq universitet tələbələrinə paylanmaqdadır. Bu, bütün tələbələrə, o cümlədən özəl ali məktəblərin tələblərinə də şamil ediləcək ».
Nazirlik rəsmisi orta məktəblərdən nazirliyə edilən şikayətlərə də toxunub. O qeyd edib ki, Təhsil Nazirliyinə edilən müraciət böyük əksəriyyəti valideynlər tərəfindən edilir: “Ümumtəhsil müəssisələrindən məktəb binalarının qızdırılması ilə bağlı müraciətlər daxil olub. Biz də bu şikayətlərlə bağlı müvafiq qurumlara məlumat vermişik. Ancaq yaxşı olar ki, bu kimi müraciətlər rayon icra hakimiyyətlərinə edilsin. Çünki məktəblərin yanacaq təminatını icra hakimiyyətləri həyata keçirir”
Nazirlik rəsmisi onu da vurğulayıb ki, müəllimlərdən də nazirliyə şikayət daxil olub. “Bəzən elə olur ki, bir şəxs digərinin adından bizə şikayət ünvanlayır. Yaxşı olar ki, hər kəs öz şikayətini özü etsin. Bizə hər kəs müraciət edə bilər və biz də bu müraciətləri araşdırmağa hazırıq ” deyə, Ə. İmanov əlavə edib.