Ödənişli təhsil məzuniyyətləri kimlərə verilir?
03 dekabr 2013 17:32 (UTC +04:00)

Ödənişli təhsil məzuniyyətləri kimlərə verilir?

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri müvafiq hallarda təhsil məzuniyyətlərindən istifadə etməkdir. Ödənişli məzuniyyətlərin bir növü hesab edilən təhsil məzuniyyətləri işləməklə yanaşı təhsil alan işçilərə verilir. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Cavid Alıyev Lent.az-a bildirib ki, ödənişli təhsil məzuniyyətlərinin verilməsi qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir: “Həmin Məcəlləyə əsasən, ödənişli təhsil məzuniyyətləri aşağıda qeyd edilən hallarda verilir:

a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

b) dövlət imtahanlarını vermək üçün;

c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

 

Qanunvericilikdə bu müddətlər işçinin hansı təhsil müəssisəsində oxumasından və məzuniyyətin hansı məqsədlə verilməsindən asılı olaraq müəyyən edilib. Ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30, qalan kurslarda 40 təqvim günü müddətində, diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə 4 təqvim ayınadək məzuniyyət verilir. Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 20, digər kurslarda 30 təqvim günü müddətində, diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə 2 təqvim ayınadək məzuniyyət verilir. Dövlət imtahanları dövründə isə həm ali, həm də orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 30 təqvim günü müddətində məzuniyyət verilir. Peşə məktəblərində, peşə litseylərində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü,  ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə isə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir”.

Hüquqşünas bildirib ki, qeyd olunan məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə istifadə olunmalıdır. Həmin məzuniyyətlərdən istifadə oluna bilməsi üçün təhsil müəssisəsinin verdiyi arayış tələb olunur.

Adı çəkilən məzuniyyətlərə görə ödənişlərlə əlaqədar C.Alıyev deyib ki, ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483
avatar

Oxşar yazılar