“Televiziya kanallarında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii Şuraların fəaliyyəti özünü doğrultmadı”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
O deyib ki, telekanallarda Bədii şuralar prezidentin il 9 aprel 2013-cü tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yaradılıb: “Ancaq telekanalların bəziləri yalnız Bədii Şuranın üzvlərinin adlarını yazıb, siyahı göndərməklə kifayətləndilər. Biz bu yaxınlarda “Xəzər” telekanalında Bədii Şura üzvləri ilə görüş keçirdik. “Xəzər” televiziyasındakı vəziyyət ürəkaçandır, bizi qane etdi. Amma təəssüf ki, digər telekanallarda Bədii şuraların fəaliyyəti hələ lazımi səviyyədə deyil”.
N. Məhərrəmli bildirib ki, MTRŞ Azərbaycan ədəbi dili ilə bağlı məsələyə həmişə diqqətlə yanaşır və telekanallar da bunu bilirlər: “Biz xarici dilin tamamilə Azərbaycan efir məkanından çıxması ilə bağlı qərar verəndə bəzi istisnalara yol verirdik. Bu istisnalar maarifçilik məsələləri və xəbərlərlə bağlıdır. Amma bu, çox az miqdarda olmalıdır. MTRŞ bununla bağlı ayrıca bir qərar qəbul edib və bununla bağlı mövqeyi birmənalıdır”.