“Müharibə adamı” Rey Kərimoğlunun qulağından uzaq, onun qonaqlarından birini seçib, onun gözündən uzaq bir yerə çəkildik. O həm müharibə adamıdır, həm də xəbər adamı. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyanda təhsilini yarımçıq qoyub, müharibəyə gedib. Düz dörd il bir ay baş kəsib, qan töküb, ad çıxarıb. Amma Allah adamın bəxtinə bir dəfə müharibə yazmasın... Sonra heç vaxt bitmir... Nə qulağından güllə səsi gedir, nə burnundan barıt qoxusu...
O hələ də cəbhədədir, məmləkətin xəbər cəbhəsində. Özü də bu cəbhədə atəşkəs lüksün olmur. Necə deyərlər, adamın heç status yazmağa vaxtı olmur, o da ola “like” eləməyə.
“Bizim Cəbiş müəllim” filmində necə deyir? “Əgər biz filan-filan işləri görməsək, bəs orda təyyarələr hansı neftlə uçar?”
Bax bizim bugünkü qəhrəmanımız da səhərdən axşama kimi xəbər cəbhəsində xidmət eləməsə məmləkətin günü-gündən artmaqda olan bir nömrəli saytları, portalları, qəzetləri, televiziyaları, radioları xəbər adına nə verər? Bax neft müharibədə nə anlama gəlirsə, APA-da mətbuatda o anlama gəlir.
Qonağımız təpədən-dırnağa müharibə adamı olan APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyevdir.
Vüsalə: Bütün günü dünyadan xəbər verən adamın özündən xəbəri olur?
Yox. Doğrudan adamın özündən xəbəri olmur. Bir də görürsən səhər açılıb, axşam düşüb, həftə keçib, ay ötüb... Amma sənin hələ özündən xəbərin yoxdur. (Başını bulayıb, gülür)
Aygün: İndi xəbər tapmaq çətindi?
Bizdə xəbərçilik sahəsində sanki bir dəlixana yaranıb. Kim harda nə istəyir, əsaslı-əsassız yazır. Bu xəbərə kim cavabdehdir, məsuliyyəti kimin çiynindədir, fərqinə varmırlar. Məsələn, birini öldürürlər, sonra o adam çıxıb deyir ölməmişəm və çox rahatlıqla yazırlar ki, ölməyibmiş. Bu dünya mətbuatında da var, amma bizdəki kimi yox. Biz bu sahədə bir az görməmişlik edirik.
Aygün: Siz daha yaxşı bilərsiz, indi xəbərin keşiyini çəkən jurnalistlər var? Xaricdə olduğu kimi səhərə qədər bir xəbərin izi ilə gedən...
Var! Onlardan biri qarşınızda oturub! (Gülür) Uşaqlar tanıyıram, onların içində APA-dan çıxanı da var, doğrudan da bu adamlar xəbərlə yaşayırlar. Söhbət həqiqi xəbərdən gedir. Xəbərin üstündə əsirlər. Var belə uşaqlar. Amma hərdən görürsən belə uşaqlar gedib o birilərinə, o “tərbiyəsiz”lərə qoşulurlar...
Turac: “Sonanın uşaqları”na?
(Gülür) Hə, o xəbər keşiyi çəkən jurnalistlər gedib mətbuatdakı “Sonanın uşaqları”na qoşulurlar və onlar da korlanırlar. Amma ümumiyyətlə demək olar ki, ölkədə normal jurnalist çoxdur. Mən həmişə Azərbaycan mətbuatını Türkiyə, Rusiya mətbuatından üstün bilmişəm. Bizim o imkanlarımız olsaydı, normal rəqabət mühiti, reklam bazarı olsaydı, yəqin Azərbaycan mətbuatı daha da...
Aygün: Normal olmağa nə mane olur?
Mətbuat cəmiyyətin bir hissəsidir. Cəmiyyət necədirsə, mətbuat da o cürdür. Nə vaxt normal – tam demokratik, açıq düşüncəli, başqalarının düşüncələrinə hörmət etməyi bacaran cəmiyyətimiz olacaq, onda da mətbuatımız normal olacaq.
Turac: Deyirlər jurnalist üçün hər şey xəbərdi, hətta onun vicdanı da olmamalıdır. Bu düzdür?
Jurnalistin vicdanı olmamalıdırsa onda gərək vətəndaşın da vicdanı olmasın. Axı hər halda jurnalist bir vətəndaşdır. Vicdansız insan mənim üçün qəbul edilən deyil. İnsanın içində vicdan adlı bir senzura var. Bu, mütləqdir. Mən həmişə fikirləşirəm ki, filan hadisədə mən özümü onun yerinə qoyum, mənim şəxsi həyatıma elə müdaxilə etsəydilər necə qarşılayardım? Ailəyə, insanın hansısa keyfiyyətinə müdaxilə... Mən belə şeyləri qəbul eləmirəm. Hesab edirəm ki, kim olur-olsun, şəxsiyyətə toxunmaq olmaz. İstər ictimai şəxs olsun, istər adi şəxs. İşində qüsuru varsa, əsaslı yaz, şəxsiyyətinə toxunma.
Vüsalə: Deyək ki, bir qəza olur, insan qaçıb kömək etmək əvəzinə tez bunu xəbərə çevirir. Hamı dənizdə boğulan insanı telefonu ilə çəkir, kimsə xilas etməyi düşünmür... Bu insanı insanlıqdan çıxarmır?
Bax o insan istedadlı və bacarıqlıdır ki, həm o ölüm ayağında olan adamın həyatını qurtarır, həm də bunu xəbərə çevirir. Əgər jurnalist bu iki şeyi bir araya gətirə bilərsə, o ideal jurnalist sayılar. Əgər onu ölə-ölə qoyub xəbər verirsə bu insanlıqdan kənardı, yox əgər öləni xilas edib xəbər verməyi çatdırmırsa, deməli jurnalistikada zəifdi.
Vüsalə: Niyə “Üç valet”də yoxsuz?
Açığı, APA-dan kənar hansısa işlə məşğul olmağa o qədər də vaxtım olmur. Məni “Üç valet”ə dəvət etməli olanlar da yəqin bunun belə olduğunu bilirlər. Redaktor işi belədir ki, onun adı heç yerdə yoxdur. Bir müəssisənin rəhbərinin adı olur, bir də yazını yazanın imzası. Yazını yazanı tanıyırlar, amma o yazının ora gəlib çıxmasında əziyyəti olanın adını belə bilmirlər. Heç kim bilmir ki, o yazı sənə hansı formada gəlir, sən onu necə düzəldirsən... Sonra da yazının müəllifinə elə təriflər və təkliflər gəlir ki... (Gülür)
Turac: Niyə APA-da “Eksklüziv-şok” xəbər olmur?
(Gülür) Artıq o sözlər o qədər ucuzlaşıb ki...
Aygün: Özünüzü şok edən xəbər olur?
Bəzi saytlar elə xəbərə şok yazırlar ki, hə, məni şok edir.
Aygün: Müxalifət mətbuatında çalışan, prinsipiallığı ilə seçilən jurnalistlərin iqtidaryönlü saytlara keçməsi ilə bağlı danışmaq istəyirəm. Sizcə insanlar prinsipiallıqlarını hara qədər qorumalıdırlar?
Məsələn, mən heç vaxt heç bir siyasi partiyanın üzvü olmamışam. Çox rahatlıqla bu gün burda işləyirəm, sabah istəsəm gedib “Yeni Azərbaycan” qəzetində işləyərəm, o birisi gün də “Azaqlıq”da. Heç kim də mənə heç nə deyə bilməz. Jurnalistəm, harda təkliflər və şərtlər məni qane edirsə, orda da işləyərəm. Amma əlinə düşən tribunadan bütün günü “mən beləyəm, eləyəm” deyib, qəhrəmanlıq iddiasına düşənlər hansısa təkliflər, şərtlər qarşılığında dəyişəndə, əlbəttə, bu, normal qarşılamır. Ona görə də insan yolunu müəyyənləşdirəndə gərək götür-qoy eləsin ki, hara qədər dözə biləcək, bu yolu hara qədər gedə biləcək. Populyar olmaq istəyi ilə kimisə söyüb, sonra başqa bir yerdə onu tərifləyəndə hamıya qəribə gəlir. Türklər demiş, böyük loxma ye, böyük söz danışma.
Fotoqrafımız Samirə xanım fotoları çəkib getdi. Artıq gülməmək də olar. Ona görə də arxa cəbhə söhbətini bitirib, ön cəbhəyə keçirik.
Turac: Vüsalə deyəndə ki, Siz müharibədə iştirak etmisiz, düzü, mən bir az yaşlı adam gözləyirdim...
Yaşlıyam də. (Gülür)
Keçmişə qayıdırıq. Lap filmlərdə olduğu kimi... Onsuzda bu söhbətlər bugünkü gənc nəslə film kimi gəlir... Şuşada doğulub, Xankəndində böyüyüb. 17 yaşı olanda, 1991-ci ildə bir səhər valideynləri onun boş yatağından məktub tapırlar: “Kəndimizə gedirəm, məni axtarmayın”.
- Böyük bacı-qardaşım ali məktəbdə oxuyurdular, valideynlərim də onların yanındaydı. Mən də universitetin birinci kursunun ilk semestrində imtahan vermək üçün Bakıdaydım. İmtahanı verdim, amma evdəkilər kəndə qayıtmağımı istəmirdilər, çünki döyüş gedirdi, kənd mühasirədəydi, mənim də yaşım az idi. Amma məni saxlamaq mümkün deyildi və günlərin bir günü “Kəndimizə gedirəm, məni axtarmayın” yazdığım kağızı yatağıma qoyub, sübh tezdən Ağdama yollandım. Ordan isə vertolyotla kəndə qayıtdım.
1992-ci ilin fevralında isə kəndimiz işğal olunanda kəndimizin camaatı ilə birlikdə böyük çətinliklə, qarlı, şaxtalı uzun dağ yolu ilə, itki verə-verə Ağdama gəlib çıxa bildik. Nə isə, uzun söhbətdi... Böyük məşəqqətlə kənddən çıxandan sonra Bakıya gəldim. Amma gördüm burda yaşaya bilmirəm. Metroya minəndə də elə bilirdim hamı mənə baxıb düşünür ki, gör nə boyda oğlandır, gedib döyüşmür? Əsgərliyə də çağırmırlar. Birinci kursu bitirdim və qərara gəldim ki, mütləq getməliyəm. Onsuz da çağırmayacaqlar. Çünki sənədlər qalıb Şuşada, ona görə də Şuşadan olan heç kimə çağırış vərəqəsi gəlmir. Cəbhəyə getmək xahişi ilə Müdafiə Nazirliyinə bir neçə məktub göndərmişdim, cavab gəlməmişdi. Nəhayət, getdim Şuşa Hərbi Komissarlığına, dedim məni niyə əsgərliyə çağırmırsız?
Orda Nailə adlı bir qadın var idi, indiyəcən yadımdadı, mənə birtəhər baxdı ki, yəqin bunun başı xarabdı. Müharibənin ən ağır vaxtları idi, qızğın döyüşlər gedirdi. Dedilər get gözlə, çağırarıq, dedim yox, bu dəqiqə mənə çağırış vərəqəsi yazacaqsınız. Çağırış vərəqəsini aldım, gəldim evə. Həə... İndi axı bunu evdə demək də var. İçəri girdim ki, “Məni çağırırlar əsgərliyə! Həyətdə poçtalyonu gördüm, ondan aldım çağırış vərəqəsini...” Anam başladı ağlamağa, atam inanmadı. Məni gətirdi Hərbi Komissarlığa... Komissarlıqda dedilər ki, o özü gəlib ərizə yazıb. Atam heç nə demədi, qayıtdıq evə. Ağlaşma-filan: “Sən oradan ölümün əlindən zülmlə gəlib çıxmısan”. Mən axı kənddən çox pis vəziyyətdə çıxmışdım, biz bir neçə nəfər kənd camaatından ayrı düşüb, xeyli gec gəlib çıxmışdıq Ağdama. Hətta elə bilmişdilər ki, ya ölmüşəm, ya da əsir düşmüşəm. Ona görə də yalvardılar getmə, öz əlindədir, cır tulla. Dedim qərar vermişəm, gedəcəm. Onda anam ağladı ki, bəs deyirsən səni çox istəyirəm, nə bilim nə... “Dedim hə, səni də, atamı da, hamınızı çox istəyirəm, amma mən bu torpağı, bu Vətəni hamınızdan çox istəyirəm”. Bunu dedim və getdim...
O zamankı Azərbaycanda yaşayanlar bu cümlələrin söz xatirinə deyilmədiyini, saxta populizm olmadığını yaxşı bilirlər. O illərdə torpaq çox güclü bir ehtirasla çəkirdi... Təsəvvür edin ki, bugünkü 17 yaşlı yeniyetmə hansı hisslərlə iPhone 5, facebookda minlərlə abunəçi və s. arzulayırsa, o yeniyetmələr də həmən hisslərlə döyüşə gedirdilər. Yaşayanlar bilir, o gəncliyin dilində iki hit var idi: Azərbaycan himni və Əsgər marşı.
Turac: Ordan məktub yazırdız?
Poçt işləyirdi, yazıb göndərirdim.
Turac: Kimə? Ancaq evə?
Ancaq evə.
Biz gülürük.
Yox, ancaq evə.
Bir yenə gülürük. Yəni, “inanmırıq”. Adam bu yerdə “Sizə nə” desə, çox haqlı olar. Amma biz ona baxa-baxa, gülə-gülə cavab gözləyirik.
Yox, yox, ancaq evə. Ayrı heç kimə göndərmirdim...
Vüsalə: Müharibə başınızı elə qatmışdı ki, başqa məktub yazacağınız adamla tanış olmamışdız?
Yox, başım qarışmaq məsələsi deyildi. Sadəcə, yazmırdım...
Vüsalə: Müharibə xatirələrinizi yazmağı düşünürsüz?
Bir yazının ki, sonu məğlubiyyətdir, yaza bilmərəm. Biz axı hələ qələbə qazanmamışıq.
Aygün: Heç olmasa gənclərin oxuması üçün...
Bəlkə nə vaxtsa yazdım... Nə bilim, nəyi oxusunlar, məğlubiyyəti? Hansısa uğurlu döyüş əməliyyatı haqqında yazmaq olar, son nəticə yenə məğlubiyyət olub axı... Kim döyüşdən necə qaçıb, torpaqlarımız neçə işğal olunub, bunu yazım? Müharibədə hamı qəhrəman olmur. Amma bu siyasi müharibə idi, böyük dövlətlərin müharibəsi... Bu böyük siyasi müharibə bu gün də davam edir. Rusiya və ABŞ nə zaman bu məsələdə razılığa gəlsə, Qarabağ problemi də həll olunacaq. Bu isə real görünmür. Bir az da konkretləşdirsəm, Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir. Qarabağ məsələsini Rusiya başlayıb, Rusiya da bitirə bilər. Mən rus əsgərinin ermənilərin tərəfindən döyüşdüyünün canlı şahidiyəm. Rusiya Qarabağ müharibəsində Ermənistana hər cür dəstək verib, indi də verir. Biz missiyamızı bitirə bilmədik, Rusiya buna imkan vermədi. Ordudan tərxis olunduğumuz barədə əmr çıxanda məni hələ əsgərliyin ilk günlərindən tanıyan bir zabit dostum Bakıdan zəng vurub, bir növ gözaydınlığı verdi. Mənsə onun bu təbrikinə “Gəldik, neynədik ki, indi də qayıdırıq, axı biz bunun üçün gəlməmişdik” cavabını verdim. İndi də görüşəndə həmin zabit bu sözlərimi mənə xatırladıq ki, sən necə adamsan, 4 ildən sonra evə buraxılmağınız barədə əmr çıxır, sən mənə belə cavab verirsən.
Vüsalə: Onda belə çıxır ki, şəhidlərimiz havayı yerə qurban gediblər?
Yox, onlar nəyin uğrunda öldüklərini bilirdilər. Onlar bir amal uğrunda döyüşlərə getdilər, o amal uğrunda da öldülər. Mən də onların yerində ola bilərdim. Halbuki tam səmimi deyim ki, hələ uşaq ağlımla – bu məsələ başlayanda 14 yaşım vardı - ilk gündən Qarabağ münaqişəsinin böyük dövlətlərin siyasi oyunu olduğunu anlayırdım.
Vüsalə: “Bəxt üzüyü” filmindən bir frazanı xatırlayıram: “Tanrıverdi dayı, sən ayaqlarını ona görə itirdin ki...” Heç sizə deyən olur ki, ömrünün dörd ilini verdin, nooldu-filan?
Hə, hərdən zarafatla deyirlər. Amma mən müharibəyə ona görə getməmişdim ki, qayıdanda mənə ev, pul versinlər, təşəkkür eləsinlər. Mən nəyin dalınca getdiyimi bilirdim. Müharibəyə heç nə üçün yox, içimdən gələn çağırışla getmişdim.
Vüsalə: Nə vaxtsa peşmançılıq hissi keçirdinizmi heç getdiyinizə görə?
Yox. Tam səmimi deyirəm, heç vaxt peşman olmadım. Səngərdə yaralananda belə, ölümlə üzləşəndə belə peşman olmadım, indi də peşman deyiləm. Mən ömrümün ən gözəl illərini müharibəyə, səngərə verdim, 14 yaşımdan – Qarabağ məsələsi başlayandan, 22 yaşıma qədər - əsgərlikdən tərxis olunana qədər güllə, mərmi səsi ilə yatıb-durdum, yeniyetməliyimi, gəncliyimi yaşamadım, amma yenə peşman deyiləm.
Vüsalə: Müharibədən, səngərdən məzuniyyətə gələndə Bakıda gördükləriniz Sizə necə təsir edirdi?
Hərə həyatını bir cür yaşayır. Əlbəttə, mən səngərdən gəlib Bakıda baş verənləri görəndə qəribə hisslər keçirirdim. Amma heç kimi də qınamırdım. Məsələn, bəziləri ali məktəbə girməyi, orda oxumağı müharibəyə getməmək üçün bir vasitə kimi görürdü, məni isə universitet, təhsil, oxumaq, Bakı... heç nə maraqlandırmırdı. Mənim bir amalım vardı, onun da dalınca getmişdim.
Vüsalə: Müharibədə qorxu hissi... Siz necə, bu hissi yaşamısınızmı?
Sizə bir şey deyim ki, müharibədə, döyüşdə qorxu hissini yaxına buraxmamalısan. Deyə bilərsiniz ki, axı bu, adamın özündən asılı deyil. Elədir, amma döyüşdə qorxdunsa, başına nəsə gələcək. Səmimi deyim ki, müharibədə, döyüşdə adam ölüm haqqında düşünmür. Bir an sonra nə baş verəcəyini, başına nə gələcəyini bilməsən də, ölümü düşünmürsən. Şəxsən mən döyüş vaxtı heç vaxt qorxu, ölüm hissi keçirməmişəm.
XOR: Necə hesab edirsiz, orduda nə baş verir?
Düzgün idarə olunmur. Orduya ayrılan vəsait ünvanına düzgün çatdırılmır. Əsas məsələ, orduda xidmət edən əsgərlərə komandir heyəti tərəfindən normal münasibət qurulmayıb. “Dedovşina” halları təəssüf ki, var.
Aygün: Sizin vaxtınızda vəziyyət necəydi?
Onda dövr başqa idi. Vəsait nədir, elə olurdu həftələrlə, günlərlə ac qalırdıq. Mən kəndimizdə, Zəngilanda, Xudafərin körpüsü ətrafında günlərlə mühasirə şəraitində qalmışam, çörək yeməmişəm. O vaxtkı şərait başqa idi. Problem onda da var idi, amma belə deyildi. İndi bu ordunun nəyi çatmır? Hər şeyi var! Sadəcə münasibətlər sistemi düzgün qurulmayıb. Əsgər orda özünü himayədə hiss eləməlidir! Əsgərin üstünə qışqırmaq olar, o tabelikdə olandır. Amma onun qayğısına da qalmaq lazımdır.
Vüsalə: Yenidən müharibəyə başlasaq...
Yox, döyüş olmayacaq. Amma mən sizə desəm ki, yenidən müharibə başlasa getməyəcəm, bilin ki, yalan deyirəm, gedəcəyəm.
Turac: Bəs xəbərlər?
O halda xəbər məni maraqlandırmır. Müharibə başlasa mənim yerim ön cəbhədə olacaq. Xəbərlə qoy başqaları məşğul olsun.
Turac: Evdə uşaqlar xəbəri APA-dan oxuyur?
Onlar internetdə daha çox oyunlarla məşğul olurlar. Oğlum Mətin futbolla maraqlanır, komandası Qalatasaraydır. Qızım Mehin isə qızlar üçün oyunları xoşlayır, paltar geyindirmək, tort bişirmək... Çalışıram onları xəbərdən uzaq tutum, qoy uşaqlıqlarını yaşasınlar.
Vüsalə: Xəbərdə keçən vaxt heyifdi?
Məncə, heyifdi...