GÜNÜN ŞƏRHİ
Permyakov məsələsi Ermənistan-Rusiya münasibətlərinin lakmus kağızıdır. Altı ermənini öldürmüş əsgərin hansı ölkədə mühakimə olunacağı məsələsinin bu qədər böyüməsi bununla əlaqədardır. Ermənistan “Permyakovu Rusiyaya verməyəcəyik” bəyanatı versə də, bütün ermənilər kimi, rəsmi İrəvanın özü də buna inanmır. Elə bütün ermənilər kimi rəsmi İrəvan da bilir ki, Rusiyaya meydan oxumaq Sərkisyan hökumətinin girəcəyi kol deyil. Həm ermənilər, həm də rəsmi şəxslər eyni zamanda yaxşı anlayır ki, “Permyakovu verməyəcəyik” bəyanatı forpost olduğunu gizlətmək, cılızlığını ört-basdır etmək üçün İrəvanın Ermənistan cəmiyyətinə üvnanladığı ucuz mesajdır. Mesaj o qədər ucuzdur ki, ömrü bir gün belə olmadı. Rusiya Təhqiqat Komitəsinin sonu nidalı əsgər təhvil veriləcək açıqlamasından sonra İrəvan dərhal “hazırda bununla bağlı müzakirələr gedir” deyə mövqeyindən geri çəkildi. Məsələnin əsl mahiyyətini elə dırnaqarası “müstəqillilklərinin” ilk günündən anlayan ermənilər isə nəhayət küçələrə çıxıb sözlərini deməyə başlayıblar. Amma bu da bir gerçəkdir ki, küçələrə çıxıb Rusiyaya “rədd ol” deyə bağıran ermənilər özləri də bunun gerçəkləşəcəyinə inanmırlar. Çünki ev sahibini evdən qovmaq olmaz.