Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 17 aprel
NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN YORUMU
Bu gün dünyanın diqqəti Moskvaya yönəlmişdi. Ukrayna məsələsində bütün qərbə qarşı müxtəlif üsullarla mübarizə aparan Rusiyanın dövlət başçısı məlum hadisələr başlayandan sonra ikinci dəfə canlı yayımda baş verənlərə münasibət bildirdi. Qərb Putindən kompramis təkliflər, danışıq aparmaq üçün yol seçimi açıqlamaları gözləyirdi. Amma deyəsən, belə olmadı. Xatırlayırsınızsa, Putin Ukrayna hadisələri fonunda ilk dəfə Krım prosesləri gedərkən ictimaiyyət qarşısına çıxmış və orada müstəqillik istəyən insanlarla Rusiyanın heç bir əlaqəsinin olmadığını demişdi. Bu günkü çıxışında isə Rusiyanın birinci şəxsi açıq-açıq bildirdi ki, Ukraynanın şərqində baş verən hadisələrdə başçılıq etdiyi dövlət maraqlıdır və regionda yaşayan rus millətindən olan əhalinin taleyinə biganə yanaşa bilməz. Putin onu iqtisadi sanksiyalar və qaz məsələsində hədələyən qərbə və nəyin bahasına olursa olsun Rusiyadan qopmaq istəyən Kiyev hakimiyyətinə də mesajlar verdi. O, Rusiyaya qaz satışında endirilə biləcək zərbənin yerini də dəqiq bildiyini və ölkəsinin üzləşə biləcəyi zərəri hesabladığını da aydın bildirdi. Rəsmi Kiyevə isə qaz borcu ilə bərabər Ukraynaya qoyulan Rusiya investisiyanın məbləğini xatırlatdı. Kremlin sahibi artıq açıq kartla oynamağa başladığını gizlətmir. Bunu onun NATO ilə bağlı suala verdiyi cavab da təsdiqləyir. Putinin “Çinlə əməkdaşlıq bu vaxta qədər görünməmiş səviyyədədir...” sözü boşu-boşuna deyildi. Və dünənki yozumumda dediyim, Rusiya prezidenti son günlər “Ukraynada qan tökülməsinə yol verməyin...” kimi çağırışlarla ABŞ prezidenti, BMT baş katibi, nüfuzlu beynəlxalq təşkilatlara səslənməsinin siyasi manevr olmasını bu günkü çıxışında təsdiqlədi. Rusiyanın dövlət başçısının cavablarının bir neçə dəfə alqışlanması isə rus ictimaiyyətinin rəsmi Moskvanın siyasətini dəstəkləməsi, ümumiyyətlə, Putinin belə məqamlarda xalqla canlı debatda olması isə Kremlin demokratiyaya nə dərəcədə önəm verdiyi görüntüsü yaradırdı. Elə ona şəxsi həyatı ilə bağlı ünvanlanan suala verdiyi cavab kimi...
873