Nəqliyyyat infrastrukturu barədə dövlət standartı təsdiqləndi
07 iyun 2013 16:00 (UTC +04:00)

Nəqliyyyat infrastrukturu barədə dövlət standartı təsdiqləndi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verişən məlumata görə, bu standartın təsdiqi ölkəmizdə müasir Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiq edilməsi istiqamətində sistemli tədbirlərin davamı kimi qiymətləndirilir.

Dövlət standartının qəbul edilməsində başlıca məqsəd ölkə üzrə ünvanvermə işlərinin nizamlı və tələblərə uyğun qaydada aparılması, bu sahədə müasir standartların tətbiqi, ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyinin təmin edilməsidir. Dövlət standartına əsasən, ölkədə nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinin girişlərinə və binadaxili obyektlərə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin  hazırlanması və quraşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini və ünvan reyestrinə dair standartlar müəyyənləşdirilib. Eyni zamanda nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini yolları (küçə və prospektin başlanğıcı və sonu, istiqamət mərkəzi, küçənin sağı və solu, nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətti, kəsişmə nöqtələri) göstərilib. Dövlət standartında ünvan nömrələrinin təyini prinsipləri (nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sonuna doğru nömrələmə prinsipi, məsafə prinsipi, giriş prinsipi, birləşmiş nömrə prinsipi), müxtəlif təyinatlı, yerləşmə vəziyyətlərinə görə fərqlənən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanvermə ilə bağlı standartlar müəyyənləşdirilib. Ünvan lövhələrinin  hazırlanmasına və quraşdırılmasına qoyulan tələblər dövlət standartında əks olunub. Yeni nəqliyyat infrastrukturu obyektlərinin istifadəyə verildiyi, adı dəyişdirildiyi, nəqliyyat infrastrukturu obyektlərinin birləşdiyi (bölündüyü) hallarda müvafiq icra hakimiyyəti orqanının 3 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin bu barədə məlumatlandırılması qeyd edilib. Daşınmaz əmlak obyektlərinin girişlərinin nömrələnməsinə dair mətn nümunələri, həmçinin nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin nümunələri də dövlət standartında öz əksini tapıb.

Qeyd edik ki, 2013-cü ilin yanvarın 1-dən Bakı şəhəri üzrə 600-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvanların verilməsi işi aparılıb. Eyni zamanda Gəncə və Sumqayıt şəhərlərində də yeni qaydalarla ünvan təyinetmə işləri ilə bağlı hazırlıq tədbirləri görülür. “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” dövlət standartının təsdiqi və qüvvəyə minməsi ölkəmizdə ünvanvermə işinin müasir tələblər çərçivəsində, sistemli şəkildə qurulması üçün normativ-hüquqi zəmin yaradır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Oxşar yazılar