Nəqliyyat Nazirliyində “tıxac” toplantısı
18 yanvar 2013 10:19 (UTC +04:00)

Nəqliyyat Nazirliyində “tıxac” toplantısı

Nəqliyyat Nazirliyində Bakı şəhərində mövcud nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci illər üçün Tədbirlər Planının müzakirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir müavini Musa Pənahovun rəhbərliyi ilə keçirilən müzakirələrdə Nəqliyyat Nazirliyinə tabe olan qurumların nümayəndələri iştirak edib. Tədbirlər Planında yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və hərəkət intensivliyinin artırılması üzrə çoxzolaqlı yollarda eyni səviyyəli piyada keçidlərinin ləğv edilərək yeraltı və yerüstü piyada keçidlərinin inşası, yol nəqliyyat hadisələri ilə əlaqədar DYP ilə operativ əlaqə yaradılması, həmçinin işıqfor obyektlərinin daimi işlək vəziyyətini təmin etmək üçün «qaynar xətt» əlaqə mərkəzinin yaradılması, Bakı şəhərinin küçə və prospektlərinin icazə olmadan bağlanması hallarının qarşısının alınması və s. məsələlər öz əksini tapıb.

 

Bundan başqa, parklanmanın təşkili üzrə müəyyən tədbirlərin həyata keçirilməsi, o cümlədən Bakı şəhərində parklamaya nəzarət xidmətinin yaradılması, yol kənarında yerləşən iri ticarət, ictimai iaşə və sosial obyektlərə gələn nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən olunması və tikilməsi, habelə müvafiq normativlərə uyğun olaraq parklanma yerləri olmayan yeni iri obyektlərin tikintisinin qadağan olunması kimi məsələlər də vurğulanıb. Tədbirlər Planında  ictimai nəqliyyat üzrə, həmçinin Bakı şəhərində mövcud avtomobil yollarının yenidən qurulması, yeni avtomobil yollarının tikintisi üzrə də müddəalar qeyd edilib. Müzakirələrdə «Azərbaycan Dəmir Yolları» QSC, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, «Azəryolservis» ASC-nin rəhbərliyi də iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271
avatar

Oxşar yazılar