Neftçala Yod-Brom Zavodu radioaktiv çirklənmədən azad oldu
05 sentyabr 2014 13:57 (UTC +04:00)

Neftçala Yod-Brom Zavodu radioaktiv çirklənmədən azad oldu

 

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində ekoloji problemlərin həlli ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət proqramı olub.


 

APA-nın məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə deyib ki, Sovet İttifaqından qalan çirklənmiş və insan həyatı üçün təhlükə mənbəyi olan yod zavodlarının ərazilərinin ekoloji reabilitasiyası bu proqram çərçivəsində həyata keçirilib.


FHN-in səyləri ilə keçmiş Bakı Yod Zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin ekoloji reabilitasiyası prosesi uğurla başa çatıb, rekultivasiya olunmuş ərazilərdə park və yaşıl meydançalar salınıb. Bakı Yod Zavodunda aparılmış bərpa işlərində əldə olunmuş təcrübəyə əsaslanaraq, FHN keçmiş Neftçala Yod-Brom Zavodunun istehsalat sahəsinin reabilitasiya layihəsinin həyata keçirilməsinə dair qərar qəbul edib. “ECOLAND” MMC-nin həyata keçirdiyi növbəti layihənin məqsədi keçmiş Neftçala Yod-Brom Zavodunun ərazisində 18,9 hektarlıq sahənin təsərrüfatda məhdudiyyətsiz istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tam reabilitasiyasından ibarət olub. F.Tağızadə bildirib ki, bərpa işləri FHN-in rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilib. Keçmiş Neftçala Yod-Brom Zavodu ərazisinin reabilitasiyası işlərinə 16 sentyabr 2013-cü il tarixindən başlanılıb və 2014-cü il avqustun 10-dək davam edib. Bu müddət ərzində zavodun ərazisindən zərərli tullantılarla birlikdə 262,9 min ton çirklənmiş və deqradasiyaya uğramış torpaq Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən zərərli tullantıların basdırılması və saxlanması məntəqəsinə daşınıb. Aparılmış işlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) tövsiyələrinə tam uyğun şəkildə həyata keçirilib. Təmizlənmiş sahənin təmiz torpaqla təkrar doldurulması və hamarlanması üçün layihə ərazisinə 131,8 min ton təmiz torpaq daşınıb. Bundan əlavə, zavodun təmizlənmiş sahəsinə layihə ərazisinin cənubunda yerləşən süni göldən çirkləndirici maddələrin qarışmasının qarşısını almaq məqsədilə sahilboyu zolağın uzunu boyu (590 m) tökmə damba tikilib. Ümumiyyətlə, dambanın tikilməsi və ərazidə olan gölməçələrin qurudulması üçün layihə ərazisinə 286,2 min ton karbonat və blok daşınıb.


Rekultivasiya dövründə nəzərdə tutulan bütün müvafiq ölçmələr radioloji nəzarəti həyata keçirmək üçün dünya praktikasında istifadə edilən ən müasir cihazlarla həyata keçirilib. Burada hər bir işçi üçün fərdi mühafizə vasitələrindən istifadə olunub. F.Tağızadə qeyd edib ki, görülmüş işlərin AEBA-nın tələblərinə müvafiq olmasını müəyyən etmək üçün AEBA-nın Braziliya, Kuba, Fransa, ABŞ və Rusiyadan olan ekspertləri Horst Richard Sebastian Monken Fernandes, Roman Padilla Alvarez, Didier Dubot, Eugene Alexander Jablonowski və Andrey Çupov Bakıya dəvət olunub. Onlar tərəfindən 2-3 sentyabr tarixlərində istehsalat sahələrində aparılan monitorinqlərin nəticələrinə dair yekun hesabat hazırlanıb. F.Tağızadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həmin ərazidə park salmağı təklif edib.


Görülən işlər barədə danışan Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov nəzərə çatdırıb ki, Neftçala Yod-Brom Zavodu Kür çayından 11 km, Xəzər dənizindən 3 km uzaqlıqda yerləşir. Ərazidəki yod ehtiyatlarından söz açan V.Hüseynov bildirib ki, radium izotopları və onların parçalanma məhsulları aktivləşdirilmiş kömürdə toplanıb və bu kömür külək vasitəsilə ətrafa yayılıb. Ona görə də bu layihənin mümkün qədər tez və təhlükəsiz həyata keçirilməsi vacib olub.


AEBA eksperti Horst Richard Sebastian Monken Fernandes görülən işlərin qiymətləndirilməsi AEBA-nın ekspertlərinin dəvət edilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, məlumatların təqdim edilməsi şəffaf olduğu üçün qiymətləndirməni obyektiv aparmaq imkanı olub. AEBA eksperti Neftçala Yod-Brom Zavodunun radioaktiv çirklənməyə məruz qalmış ərazisinin reabilitasiyası işlərinin peşəkar formada həyata keçirildiyi üçün təşəkkürünü çatdırıb. O, reabilitasiya işlərinin aparıldığı ərazidə ölçə işləri həyata keçirdiklərini, ölçü işlərinin 18 hektar ərazini əhatə etdiyini nəzərə çatdırıb: “Bu işlərin həyata keçirilməsi bacarıqlı mütəxəssislər, müasir texnologiya tələb edir. Ən əsası isə siyasi mövqedir. Buna görə də ölkə əhalisi üçün belə əhəmiyyətli layihənin həyata keçirilməsinə siyasi dəstək verdiyi üçün Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirəm”.


O, təmizlənmiş ərazinin yaşayış üçün təhlükəsiz olduğunu vurğulayıb: “Həm Azərbaycan rəhbərliyi, müvafiq qurumlar və ekspertlər belə işlərin öhdəsindən gəlmək üçün lazımi təcrübəni toplayıb. Artıq Azərbaycan digər ölkələrə bu sahədə işlərin görülməsi üçün kömək etmək qabiliyyətinə malikdir. AEBA-nın Ətraf Mühitin Qorunması üçün Şəbəkəsi var. Azərbaycan AEBA-nın Ətraf Mühitin Qorunması üçün Şəbəkəsinin koordinatoru kimi çıxış edə bilər. Gələcəkdə ətraf mühitin bərpası ilə bağlı tədbirləri Azərbaycanda keçirmək olar. Azərbaycan mütəxəssisləri ekspert kimi müvafiq tədbirlərə dəvət edilə bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989
avatar

Oxşar yazılar