Bu gün Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən aksiyada nazirliyin əməkdaşları fəal iştirak edib.
Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Toplanan qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankına daxil ediləcək. Aksiya prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirlərinə dəstək olaraq təşkil olunub.