Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi kurs müxtəlif sahələrdə islahatların həyata keçirilməsi ilə möhkəmlənmişdir. Bu islahatların içərisində ən mühüm yerlərdən birini ölkəni gələcəyə doğru aparacaq savadlı kadrların hazırlanması məqsədilə təhsil sahəsində islahatlardır.
Son illərdə aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, Azərbaycanda təhsil özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Ölkəmizin gələcək inkişaf modelini formalaşdıran əsas amil kimi təhsilin inkişafı daha da sürətlənmiş, insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olmuşdur.
Aparılan sosial-iqtisadi islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı iqtisadi inkişafın təmin edilməsi, əhalinin maddi rifahının yaxşılaşması, sosial-iqtisadi həyatın yenidən qurulması üçün mühüm şərait yaratdığı kimi həmçinin ölkədə təhsilin inkişafına da stimul yaradır.
Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı sayəsində təhsil sisteminin institusional əsaslarının işlənib hazırlanması, yeni infrastrukturların yaradılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, qiymətləndirmədə yeni model və mexanizmlər tətbiq edilməsi, təhsil sisteminin informasiyalaşdırılması və digər mühüm işlərin görülməsi ölkədə insan kapitalının formalaşmasına xidmət edir.
Ölkə Prezidentinin bu il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi üçün hazırlanan fəaliyyət planında təhsil sisteminin dünya təhsil sisteminə uyğunlaşdırılması üçün hədəflər müəyyənləşdirilmişdir.
Təhsil sahəsində qəbul olunmuş bu strategiya sürətli modernləşmə xətti götürən Azərbaycan Respublikasında təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına rəvac verəcək, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması üçün mühüm zəmin hazırlayacaqdır.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı