Qəhrəmanlıq tariximiz gənclər arasında təbliğ olunur
01 iyun 2018 16:12 (UTC +04:00)

Qəhrəmanlıq tariximiz gənclər arasında təbliğ olunur

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə “Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği” layihəsinə start verilib.
 

Layihənin əsas məqsədi qəhrəmanlıq tariximizin və igid övladlarımızın keçdiyi döyüş yolunun yeniyetmə və gənclər arasında təbliğindən, şəhidlərimizin xatirəsinin yad edilməsindən ibarətdir. Tərtər rayonunda Uşaq Gənclər Şahmat Məktəbində yeniyetmə və gənclərlə keçirilən görüşdə Qarabağ müharibəsi iştirakçıları, əlilləri, veteranları, şəhid ailələrinin üzvləri və Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant İslam Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov və digər rayon ictimaiyyəti iştirak ediblər.
 

Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov çıxışçıları görüş iştirakçılarına təqdim etdikdən sonra keçirilən layihənin əhəmiyyətindən danışıb və bu kimi görüşlərin gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində maariflənməsində mühüm rol oynadığını vurğulayıb. O, həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuz müasir silahlarla təmin olunub və qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bundan başqa, dövlətimizin inkişafı üçün qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı xalqımız tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır.
 

Elvin Umudov daha sonra çıxış üçün sözü Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənliyə verib. Birliyin sədri çıxışına başlamadan öncə təklif edib ki, ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhidlərimizin, eləcə də ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
 

Bir dəqiqəlik sükutdan sonra çıxışına başlayan layihə rəhbəri layihə haqqında geniş məlumat verib, Azərbaycan xalqının qəhrəmanlıq tarixindən bəhs edib. O, nitqində Azərbaycanın qədim tarixə malik olduğunu, dünyanın ən qədim insan məskənlərindən, ən qədim dövlətlərdən biri olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan torpaqlarında dəfələrlə müharibələr olmasına baxmayaraq xalqımız öz nikbinliyini və mərdliyini qoruyub, heç vaxt düşmənə əyilməyib:
 

“Azərbaycan xalqının şanlı tarixi olub. Xalqımız daima qəhrəmanlıq nümunələri göstərib. Biz adət-ənənələrimizi, dil və mədəniyyətimizi, dövlətçilik ənənələrimizi qoruyub saxlamağa nail olmuşuq. Biz ən qüdrətli dövlət olan Səfəvilər dövlətinin qurucusuyuq. Eyni zamanda Şərqdə ilk Cümhuriyyəti də məhz biz – azərbaycanlılar qurmuşuq. Babəkin, Cavanşirin, Şah İsmayıl Xətainin, eyni zamanda Məmməd Əmin Rəsulzadənin, Əlimərdan Bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Həzi Aslanovun rolu danılmazdır. Onların qəhrəmanlıqları bizlərə nümunədir. Bir sözlə, həm mədəniyyətdə, həm ədəbiyyatda, həm də qəhrəmanlıq baxımından xalqımız dünyaya bir çox parlaq nümunələr bəxş edib”.
 

Emin Həsənli, eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdı: “Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa qadir oldu. O, Azərbaycanı müstəqil dövlət kimi dünyaya tanıtdı, güclü-nizamlı ordu yaratmağa müvəffəq oldu, Azərbaycan Respublikasının hərtərəfli inkişafına nail oldu. Bu gün cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Cənubi Qafqazın ən güclü ordusu məhz Azərbaycan Respublikasına məxsusdur. 2016-cı ilin aprel hadisələri də onu sübut etdi ki, Azərbaycanın Milli Ordusu həddən artıq güclüdür, peşəkardır və Azərbaycan xalqı vətənpərvərdir, mərddir, Vətən üçün canlarını qurban verməyə hər zaman hazırdır. Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, onlar cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızı geri almağa həmişə hazırdırlar. Bu gün Qarabağ müharibəsi əlillərinə və veteranlarına xüsusi diqqət, qayğı göstərilir. Bununla bağlı cənab Prezident İlham Əliyev bir çox fərman və sərəncamlar imzalayıb. Bu gün ölkəmizdə Qarabağ əlilləri, veteranları, şəhid ailələri, Azərbaycanın Milli Qəhrəmanları mənzil və avtomobillərlə təmin edilir. Onların ailələrinə xüsusi qayğı ilə yanaşılır, onlara, həmçinin Prezident Təqaüdləri verilir. Onların övladları hətta özəl məktəblərdə belə təmənnasız oxuyurlar”. Daha sonra, birliyin sədri vurğulayıb ki, dövlətimizin hərtərəfli inkişafı hazırda da davam etdirilir: “Azərbaycan Respublikası həm idmanda, həm musiqidə, həm mədəniyyətdə, həm ədəbiyyatda çox uğurlu nəticələr əldə edir. Mən hesab edirəm ki, bütün bunlar bizim uğurumuzdur”.
 

Çıxış edən digər natiqlər də keçirilən layihənin əhəmiyyətindən, qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ olunmasının vacibliyindən söz açdılar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar