Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 1-16 yanvar tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 61 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 3 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 2 iş üzrə 3400 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 3 iş üzrə 154.6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 59 iş üzrə 24653.5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qruplarına isə 5 iş göndərilib.