Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin səfiri Rafael Harpaz ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və gələcək istiqamətlərinin müzakirəsi olub.
Nazir Heydər Əsədov qonağı salamlayaraq ölkələrimiz arasında aqrar sahədə mövcud əlaqələr barədə danışıb, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin, İsrail təcrübəsinin Azərbaycanın kənd təsərrüfatında tətbiqinin vacibliyini vurğulayıb.
Nazir kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə imzalanan Sazişdən danışıb və İsrail iş adamlarını Azərbaycana dəvət edib.
Səfir İsrailin özəl sektoru ilə əməkdaşlığa geniş imkanların olduğunu qeyd edərək, Azərbaycanla İsrail iş adamları arasında biznes görüşlərinin təşkilinin vacibliyini bildirib.