Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Xəzər rayonunun Şaqan kəndində yerləşən 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı internat evlərində bayram tədbirləri keçirib. Lent.az - ın məlumatına görə, tədbirlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirlərdə bildirilib ki, Azərbaycan BMT-nin 1989-cu ildə qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasına qoşulan və bununla bağlı qarşısında duran öhdəlikləri uğurla yerinə yetirən ölkələrdən biridir. Azərbaycanda uşaqların təhsili, sosial problemlərinin aradan qaldırılması, sağlamlığı və mənəvi inkişafı, hüquqlarının müdafiəsi, şəxsiyyət kimi formalaşmaları məqsədilə mühüm dövlət proqramları qəbul edilərək icra olunub.
Müxtəlif müsabiqə, yarış və sərgilərdə yüksək nailiyyətlər əldə edən şagirdlərə hədiyyələr verilib.