Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün təqdim olunması mərasimi keçirilib. Lent.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkədə dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd edilib ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günədək ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə edən 1600 nəfərə yaxın tələbə bu təqaüddən yararlanıb. Gəncləri savadlı, təhsilli yetişdirməyin Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu bildirən S. Mehbalıyev qeyd edib ki, bu gün 2700 tələbə xaricdə oxuyur və onların xərcləri dövlət tərəfindən ödənilir. O, təqaüd alan tələbələrin bundan sonra da ictimai həyatda fəal iştirak edəcəklərinə inandığını bildirib.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədov adlı təqaüdlərin təsis olunması və ATİAHİ-nin bu işdə təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirib, tələbələrə uğurlar arzulayıb.
Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 60 ali məktəb tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.