“Gənclər üçün ümumi “Qaynar xətt”in yaradılması və yüksək riskli qruplardan olan gənclərin psixoloji reabilitasiyasının təşkil edilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə “Qaynar xətt” fəaliyyətinin dəstəklənməsi təmin edilib”. Lent.az-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. “Xüsusi qayğıya ehtiyacı olanlar üçün yay düşərgələri təşkil edilib. Ümumilikdə 2013-cü il ərzində 300 nəfərə yaxın yeniyetmə və gəncin reabilitasiya məqsədli düşərgədə istirahəti təmin edilib”-deyə, nazir müavini əlavə edib.
Nazir müavini qeyd edib ki, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması məqsədilə təlim kursları təşkil edilib.
“Bu işdə digər aidiyyəti qurumlar tərəfindən də əhalinin hüquqi düşüncəsinin inkişaf etdirilməsi, erkən nikah, gənc nəsil arasında ailə dəyərlərinin aşılanması məqsədilə geniş miqyaslı tədbirlər keçirilib, çap məhsulları hazırlanıb, mühazirələr təşkil edilib”.
İ. Babayev onu da vurğulayıb ki, əvvəllər məhkum olunmuş gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə maarifləndirmə işləri, onların müxtəlif peşə kurslarına cəlb edilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilir. “Beləliklə də, cəzaçəkmə müəssisələrindən azad olan gənclər onların cəmiyyətə inteqrasiyaları ilə bağlı dövlətin verdiyi təminatlar haqqında daha maarifli olur, sosial adaptasiyaya ehtiyacı olanlara birdəfəlik pul müavinəti verilir, məşğulluqlarının təmin edilməsi, hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı köməklik göstərilir, zəruri ehtiyac olduqda sığınacaqla təmin edilirlər”.