Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə fevralın 2-də Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri” mövzusunda hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminar öz işinə başlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, üç gün davam edəcək seminar makroiqtisadi siyasətin əmək bazarı və məşğulluq sferalarına təsiri, bu siyasətin məşğulluq strategiyalarına uyğunluğu, demoqrafik, sosial və əmək bazarı tendensiyalarının, gənclərin məşğulluğunun təşviqi və s. məsələlərin müzakirəsinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qlobal miqyasda böhran proseslərinin hökm sürdüyü bir vaxtda Azərbaycanın sabitlik şəraitində davamlı makroiqtisadi uğurlara, bu uğurları tamamlayan güclü sosial siyasətə və səmərəli məşğulluq strategiyasına malik bir ölkə kimi seçildiyini vurğulayıb: “Ölkə prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində son 10 ildə respublikada ümumi daxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ötən il isə bu artımlar müvafiq olaraq 2,7 faiz və 4,8 faiz təşkil edib. Ümumi daxili məhsulun adambaşına düşən həcmi son on ildə 8,4 dəfə artaraq 6300 manata (8000 ABŞ dollarına) yüksəlib və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, 2020-ci ilədək bu göstəricinin iki dəfə artacağı gözlənilir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, Azərbaycan artıq “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib”.
Nazir bildirib ki, ölkəmizin valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan hazırda 53 milyard dollara yüksəlib. 2004-cü ildən bəri bir milyonu daimi olan 1 milyon 360 min yeni iş yerinin açılması məşğulluq problemlərinin aradan qalxmasına səbəb olub.
Nazir məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin qiymətləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına səmərəli nəzarətin təmin edilməsi, daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi və digər məsələlərin də müzakirəsinin vacibliyini qeyd edib və seminarın işinə uğurlar arzulayıb.