Nazir: “...şərtlərə uyğun gəlmir”
23 noyabr 2013 10:33 (UTC +04:00)

Nazir: “...şərtlərə uyğun gəlmir”

“Mövcud ilk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları da hazırda dövrün tələblərinə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarının müasir şərtlərinə uyğun gəlmir”. Lent. az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın birinci strateji istiqaməti üzrə, əsasən kurikulumların daha da inkişaf etdirilməsi nəzərdə tutulur və bu prosesin davamlı xarakter alması qeyd olunur: “İkinci istiqamət təhsil sahəsində çalışanların bilik, bacarıq və kompetensiyalarının daim inkişaf etdirilməsini nəzərdə tutur. Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasına yönəlib. Hazırda təhsilin idarə olunmasında başlıca problemlərdən biri tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən infrastrukturun yaradılmasını nəzərdə tutur”.

M. Cabbarov onu da vurğulayıb ki,  bu məqsədlə də təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil, yaşlıların təhsili, regionlarda təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən universal mərkəzlərin yaradılması, peşə tədris mərkəzləri və komplekslərinin qurulması kimi tədbirlər qeyd olunan istiqamət çərçivəsində nəzərdə tutulan əsas hədəflərdəndir Nəhayət, beşinci istiqamət ölkəmizdə iqtisadi cəhətdən dayanıqlı və dünyanın öndə gedən təhsil sistemlərinin standartları ilə eyni səviyyədə dura bilən maliyyələşdirmə modelinin qurulmasını özündə ehtiva edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287
avatar

Oxşar yazılar