“Evlilik öncəsi psixoloji hazırlıq evlilikdən sonra çox kömək edir. On illərlə depressiyada olan ailəli xanımlar var ki, depressiyada olduqlarını anlamırlar. Bu sanki həyat tərzinə çevrilib”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Narınc Rüstəmova deyib.
O, bildirib ki, çox zaman depressiya ilə ruh düşkünlüyünü səhv salırlar. Amma depressiya daha ağır vəziyyətdir: “Düşünürlər ki, depressiyadan çıxmaq asandır, amma belə deyil. 1-2 ay ərzində həll olunan proses deyil. Alış-veriş etməklə depressiyadan xilas olmaq mümkün deyil. Ruh düşkünlüyü depressiya deyil. Dəstək olsa belə, depressiya 6 aydan tez müalicə oluna bilməz”.
Psixoloq, xroniki yorğunluğu aradan qaldırmaq yolları haqqında da danışıbb: “İş yorğunluğu ilə əlaqədar yaranan sindrom “burnout”, yəni “yanma” sindromu adlanır. İşə həddən artıq zaman ayıran bəzi insanlarda bir müddət sonra həvəssizlik müşahidə olunmağa başlayır. Səhər durmaqda çətinlik çəkir, hətta yuxudan duranda belə yorğunluq hissi olur. Profilaktik tədbir olaraq, ən azı gündə bir dəfə sərin duş almaq məsləhətdir. Bu, yorğunluğu çıxarmağa köməklik edəcək. Gülməli səslənsə də, məktub yazmaq da çox faydalıdır. Bu üsul çox rahatladır. Bu üsulları psixoloqa getmədən də sınamaq olar. Həmçinin, aktiv istirahətə də fikir vermək lazımdır. Yatmaq passiv istirahətdir. Amma film izləmək, təbiət qoynunda olmaq, gəzintiyə getmək çox rahatlada bilər. Dostlarla görüşmək də çox effektivdir. Ünsiyyət çox vacibdir. Sevdiyiniz insanlarla zaman keçirin. Xüsusilə, uşaqlarla. Bu üsullar “yanma” sindromunu aşmağa kömək edəcək”.
N.Rüstəmova bildirib ki, hər bir işləyən insan fəaliyyətinin 2, yaxud 3-cü ilində “yanma” sindromu ilə qarşılaşa bilər: “İstirahətə mütləq zaman ayırmaq lazımdır. Əks halda, gün ərzində daha az fəaliyyət göstərmək məcburiyyətində qala bilərsiniz. Yaxud, qısa zamanda görüləcək işləri daha uzun zamana görməli olacaqsız. Bundan əlavə, hobbi də depressiyanı azaltmağa kömək edə bilər. Məşğuliyyət tapmaq özünə sevgini formalaşdırır. Depressiya evlilik zamanı münasibətlərə çox təsir göstərir. Bu, seratonin hormonu ilə bağlıdır. Qanda bu hormonun azalması depressiya ilə əlaqədardır. Və zamanla ətrafda baş verən hər bir hadisə mənfi qarşılanır. Bu halla qarşılaşan insanlar konfliktə meylli olurlar. Çox zaman bunu xarakter olaraq qəbul edirlər. Qeyd etmək lazımdır ki, qadınlar kişilərə nisbətən, depressiyaya daha meyllidirlər. Xanımlar emosionaldırlar, tez təsirlənirlər. Hər hadisəyə detallı yanaşırlar”.
Psixoloq qeyd edib ki, uşaqlar da depressiyaya düşə bilərlər. Bu yaşanan travmalarla əlaqədardır: “Yaşanan hər xırda stress insanı gücləndirir. Çox əziyyətlə qarşılaşmaq psixikanı gücləndirir, hadisələri həzm etmək qabiliyyəti artır. Uşaqlar depressiyanı aramsız ağlayaraq, aqressiv münasibət göstərərək keçirirlər. Böyük stress sonrası uşaqlarda depressiya yaşana bilər. Ailədaxili münaqişələr, sevdiyi insanı itirməsi depressiyaya zəmin yaradan səbəblərdəndir. Ağır depressiyalar halüzinasiyalara gətirib çıxara bilər”.
Qonaq, həmçinin, bildirib ki, evlilik öncəsi psixoloji hazırlıq mütləq olmalıdır. Bu müxtəlif situasiyalarda davranışları müəyyən etməyə kömək edir: “Bəzən düşünürlər ki, izdivacdan öncə psixoloji müayinə zamanı tərəflər arasında uzlaşma müşahidə olunmasa, bu ayrılığa gətirib çıxara bilər. Bir-birilə uyuşmayan insan yoxdur. Sadəcə, xırda incikliklər böyük problemlərə yol aça bilər. Sonda isə çox əhəmiyyətsiz bir hadisəyə görə ayrılıq baş verə bilər. Psixoloji hazırlıq olan zaman baş verən hadisəyə yanaşma başqa cür olur. Depressiyaya düşənlərin yaş həddi aşağı düşüb. Bu halla daha gənc yaşda qarşılaşanların sayı çoxalıb. Hətta valideynlər qorxularını övladlarına ötürürlər. Uşaqları qorxu ilə böyütmək, təcrid etmək onların stressə davamlılığını azaldır. Uşaqlara mübarizə ruhunu aşılamaq lazımdır. Öyrənmək yalnız təcrübə ilə mümkündür. Bunun üçün də şərait yaratmaq lazımdır”.